AnalitikaGündəm

Azərbaycan və Pakistan arasında qarşılıqlı dəstək çox güclüdür

Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində Pakistan İslam Respublikasında dövlət səfərində olmuşdur. İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış etmişlər. Xüsusilə vurğulanmışdır ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır.  Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artmış və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunmuşdur. Birbaşa uçuşlar həm biznes, həm də turizm məqsədləri ilə səyahət edən vətəndaşlar üçün daha əlverişli şərait yaradacaq və iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə kömək edəcək.

Azərbaycan və Pakistan arasında qarşılıqlı dəstək çox güclüdür və hər iki ölkənin hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Bu qarşılıqlı dəstək iki ölkə arasında yalnız diplomatik əlaqələr deyil, həm də güclü strateji əməkdaşlıq münasibətləri qurmağa imkan verir. Hər iki xalqın rifahına xidmət edən bu əməkdaşlıq gələcəkdə də davam edəcək və daha da güclənəcəkdir. Bu iki ölkənin dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük töhfə verir. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Bu isə Kəşmirlilərin vəziyyətini daha da çətinləşdirir. Kəşmir xalqının hüquqlarının bərpası və onların ədalətli bir həll yoluna çatması, bölgədə davamlı sülh və sabitlik üçün mühüm addım olacaqdır. Azərbaycanın bu mövqeyi isə iki ölkə arasındakı dərin dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiqləyir.

Bunu da qeyd etmək lazımdır ki, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət vermişdir. Pakistanın verdiyi bu siyasi dəstək və beynəlxalq platformalarda Azərbaycanın mövqeyini müdafiə etməsi iki ölkə arasındakı münasibətlərin nə qədər dərin olduğunu bir daha sübut edir. Pakistanın bu mövqeyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsində mühüm bir dəstək olmuşdur. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.

Azərbaycan və Pakistan arasındakı iqtisadi və investisiya əlaqələri də inkişaf etməkdədir. Sərmayələrin ilkin həcminin təxminən iki milyard dollardır, bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın miqyasını və potensialını göstərir. Energetika, infrastruktur, müdafiə sənayesi, daşıma və bir sıra digər istiqamətlər üzrə olan layihələrin müzakirə olunması iki ölkə arasındakı strateji tərəfdaşlığın genişlənməsinə imkan yaradır. İnfrastruktur layihələri, yollar, körpülər və digər mühüm obyektlərin tikintisi və yenidən qurulması sahəsində əməkdaşlıq, iki ölkə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq hər iki ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətini gücləndirir. Logistika və nəqliyyat sahəsində əməkdaşlıq, ticarət axınlarının artırılmasına və iki ölkə arasında mal və xidmətlərin sürətli və effektiv şəkildə daşınmasına imkan yaradır.

Göründüyü kimi güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulur və inkişaf etdirilir. İki ölkə arasında əməkdaşlıq şaxələndirilir. Güzəştli ticarəti də vurğulamaq lazımdır. İlkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunmuşdur. Lakin bu, yalnız başlanğıcdır. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.

Cari ilin 11 iyul tarixində İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlər iki ölkə arasındakı strateji əlaqələri daha da möhkəmləndirmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək məqsədini daşıyır.

Əli Hüseynov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button