Azərbaycan və Pakistan arasında perspektiv əməkdaşlıq istiqamətləri
Daima beynəlxalq aləmin siyasi subyektlərindən olan qonaqlara ev sahibliyi edən gözəl paytaxtımıza son günlərdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif səfər etmişdir. İstər yaxın, istərsə də bir qədər uzaq tarixə nəzər salsaq görə bilərik ki, iki respublika arasında olan münasibətlər hər zaman birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu dəstək elə müstəqilliyimizin ilk günlərində özünü göstərmiş və Pakistan İslam Respublikası Müstəqil Azərbaycan Respublikasını tanıyan ilk ölkələrdən olmuşdur.Pakistan İslam Respublikası Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz XX əsrin 90-cı illərində Azərbaycan ərazilərinə qarşı törədilən işğal səbəbindən baş vermişdir. Bütün işğal dövrü boyunca da Azərbaycanın ədalət axtarışında əsas dəstəkçilərindən olmuş və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.
2023-cü il iyun ayının 15-də iki tərəfin də dövlət nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında baş tutmuş görüşlərin nəticəsi olaraq gəlinən razılaşmalar barədə məlumata bəyanat verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışında bildirmişdir ki, ” Bu gün biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.”
Dövlətlər arasında birgə ticarətin həcminin artırılması da müzakirələrin gündəmində öz əksini tapmışdır. Bu istiqamətdə anlaşma memorandumu imzalanması və məhsulların siyahısı üzərində işlər aparılması təmin ediləcəkdir. Təhsil sahəsində əməkdaşlığın da böyük potensialı olduğu çıxış zamanı xüsusən qeyd edilmişdir. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il ölkəmizdə sadəcə 100 pakistanlı tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Son zamanlar dünyada baş verən siyasi və hərbi gərginliklər göstərir ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri də genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır.Ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantı kimi qiymətləndirilir.
Pakistan İslam Respublikasının ölkəmizə verdiyi dəstəklə bərabər Azərbaycan Respublikasının da illər boyudur davam edən Kəşmir məsələsində Pakistana verdiyi dəstək də gündəmə gətirilib. Dövlət rəhbərləri öz çıxışlarında bildiriblər ki, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.
İllər boyu iki xalqın nümayəndələri arasında siyasi səviyyədə davam etdirilən münasibətlərin, digər sahələrdə də daha çox inkişaf etdirilməsi və möhkəmləndirilməsinin hər iki tərəfində maraq dairəsində olduğu verilən bəyanatda aydın şəkildə görünür. Bu əməkdaşlıq həm Pakistan, həmdə Azərbaycan xalqı üçün əlavə güc və imkanlar gətirəcəkdir.
Babayeva Ləman,
Xəzər rayonu, 136 Nömrəli tam orta məktəbin müəllimi