AnalitikaGündəm

Azərbaycan və Pakistan arasında möhkəm qardaşlıq əlaqələri hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir

“Azərbaycan və Pakistan arasında möhkəm qardaşlıq əlaqələri hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. İki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq siyasi, iqtisadi-ticari, mədəni və hərbi əlaqələrin daha da inkişafına səbəb olub. Bu sahədə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri də mühüm əhəmiyyət kəsb edir. Bu mənada iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri mühüm bir addım oldu”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, enerji, əlaqə, infrastruktur və müdafiə sənayesi layihələri üzrə müzakirələr, birgə sərmayələrlə bağlı danışıqlar Azərbaycanın və Pakistanın birlikdə irəlilədikləri uğurlu gələcəyə yol açır. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri sayəsində diplomatik əlaqələrimizin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi və strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də yeni səhifələr açılıb. Həmçinin qeyd etmək lazımdır ki, torpaqlarımız işğal altında olduğu dövrdə və 44 günlük müharibə zamanı Pakistan İslam Respublikası birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib:

“Dövlətimizin başçısı açıqlamalarında “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi” deyə bildirmişdir”.

Onun sözlərinə görə, Azərbaycanla Pakistanın əlaqələri ölkələrin daxili siyasi həyatındakı hadisələrdən asılı olmayaraq inkişaf edir və daha da böyüyəcəyi gözlənilir. İlham Əliyevin səfəri çərçivəsində Azərbaycanla Pakistan arasında imzalanmış sənədlər də gələcək dinamikanı göstərməyə imkan verir.

Oxşar Xəbərlər

Back to top button