
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Xalqlarımızı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak edmişlər.
Müstəqillik əldə etdikdən sonra dövlətlərimiz arasında diplomatik əlaqələr yeni səviyyəyə qalxmışdır. “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin” deyən Ümummilli Lider Heydər Əliyev dövlətlərimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə böyük əhəmiyyət vermişdir. Həmçinin, NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub.
Dövrümüzdə dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşlərdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf imkanları, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetirirlər. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində sürətlə şəkildə inkişaf edir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Bakıda Əlişir Nəvainin, Daşkənd şəhərində isə böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulmuşdur. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır. Azərbaycanda isə bir qəsəbə Nəvainin adını daşıyır. Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı “İki qəlbin dastanı baleti” dünya musiqi sənətinin incilərindəndir.
Bir neçə gün öncə, yəni, iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini sürətləndiyini deməyə imkan verir.
Özbəkistan prezidentinin Azərbaycana səfəri iki ölkə arasında tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər siyasi və diplomatik əhəmiyyət daşımaqla bərabər, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.
Yaqublu Şəfiqə
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi