
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq daha geniş regional əməkdaşlıq formatında inkişaf edir. Bu tendensiya oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışında da xüsusi yer tutub. Dövlət başçısı Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulmasının regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Məşvərət görüşləri formatında tamhüquqlu iştirakının başlanğıcı 2025-ci ilin noyabrına təsadüf edir. Prezident İlham Əliyev çıxışında bu qərara görə həmkarlarına təşəkkürünü bildirib və Azərbaycanın bu formatda iştirakının Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da dərinləşməsinə imkan yaratdığını qeyd edib. Onun sözlərinə görə, bu təşəbbüsün irəli sürülməsində Türkmənistan və Qurbanqulu Berdiməhəmmədovun xüsusi rolu olub.
Məşvərət görüşündə səslənən fikirlər göstərir ki, Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlıq artıq yalnız diplomatik münasibətlərlə məhdudlaşmır. Burada iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, rəqəmsal bağlantılar və qarşılıqlı istehsal imkanları bir-birini tamamlayan istiqamətlər kimi təqdim olunur. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artdığını bildirib. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə fəaliyyət göstərən 400-dən çox şirkətin olması da iqtisadi əlaqələrin genişlənməsinin göstəricisi kimi təqdim edilib.
Dövlət başçısı yalnız ticarət dövriyyəsinin artırılmasının kifayət etmədiyini də vurğulayıb. Onun çıxışında əsas diqqət qarşılıqlı investisiyaların genişləndirilməsinə, birgə istehsal müəssisələrinin yaradılmasına və məhsulların xarici bazarlara birlikdə çıxarılmasına yönəlib. Azərbaycan artıq Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalının yüz milyonlarla dollarla ölçüldüyü bildirilib.
Beləliklə, regional əməkdaşlığın yeni mərhələsində əsas məqsədlərdən biri ticarət əlaqələrini real iqtisadi istehsal və investisiya layihələri ilə tamamlamadır. Bu yanaşma Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi münasibətlərin daha uzunmüddətli və çoxşaxəli xarakter almasına şərait yarada bilər.
Görüşün digər mühüm istiqaməti regional təhlükəsizlik məsələsi olub. Prezident İlham Əliyev bildirib ki, əməkdaşlığın geosiyasi əhəmiyyəti yalnız enerji və nəqliyyat layihələri ilə ölçülmür. Onun fikrincə, ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün digər nailiyyətlərin əsasını təşkil edir.
Bu baxımdan Türkmənbaşı görüşü Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin yalnız ayrı-ayrı layihələr əsasında deyil, qarşılıqlı maraqların daha geniş platformasında inkişaf etdirilməsi baxımından diqqət çəkir. Görüşün sonunda Birgə Bəyanatın və Məşvərət görüşünün tənzimləyici sənədləri ilə bağlı qərarın imzalanması da formatın institusional inkişafının davam etdiyini göstərir.
Mustafa Məmmədzadə,
Xəzər rayonunun gənc fəalı,
Azərbaycan Universitetinin tələbəsi



