AnalitikaGündəmSiyasət

Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid strateji məkan formalaşdırır

Prezident İlham Əliyev Özbəkistana səfəri zamanı müsahibəsində qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi, mədəni və geosiyasi məkanın tərkib hissəsidir. Xəzər dənizi regionu coğrafi baxımdan ayırsa da, strateji mənada birləşdirən mühüm amil kimi çıxış edir. Dövlət başçısı həmçinin, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə bu il üçüncü dəfə iştirak edəcəyini bildirib və qeyd edib ki, Düşənbə (2023), Astana (2024) və gözlənilən Daşkənd toplantıları regionda siyasi koordinasiyanın gücləndirilməsinə xidmət edir.

İki dövlət arasında yüksək  səviyyəli siyasi əlaqələr mövcuddur. Prezident son üç ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı səfərlərin intensivləşdiyini xüsusi vurğulayıb. Bu müddətdə Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycana təxminən 30 dəfə səfər edib, İlham Əliyev isə həmin dövrdə region ölkələrinə 13 rəsmi səfər gerçəkləşdirib. Dövlət başçısına görə, bu dinamika münasibətlərin strateji xarakterini təsdiqləyir.

Azərbaycan–Özbəkistan münasibətləri Müttəfiqlik və qardaşlıq modelidir. Müsahibədə ən geniş yer tutan mövzu Azərbaycan ilə Özbəkistan arasında münasibətlər oldu. Prezident İlham Əliyev Özbəkistanı “qardaş ölkə və etibarlı müttəfiq” adlandıraraq, iki ölkəni birləşdirən tarixi, mədəni və mənəvi dəyərlərin xüsusi rolunu vurğulayıb.

Dövlət başçısı həmçinin Şavkat Mirziyoyev ilə şəxsi dostluq münasibətlərinin ölkələrarası əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib. Son illərdə imzalanmış:

– Müttəfiqlik münasibətləri haqqında Müqavilə,

– Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə,

– 2025–2029-cu illər üçün “Yol Xəritəsi”,

münasibətlərin hüquqi bazasını daha da gücləndirib.

Prezident Qarabağın bərpasına verdiyi dəstəyə görə Özbəkistana minnətdarlığını bildirib və Füzulidə Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəbi “qardaşlıq jesti” kimi qiymətləndirib.

İki ölkə arasında strateji münasibətlərin inkişafında 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura mühüm əməkdaşlıq platformasına çevrilib. Bu çərçivədə 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda yüksək səviyyəli iclaslar keçirilib.

İqtisadi tərəfdaşlıqda sürətli artım müşahidə olunur. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

– 2024-cü ildə ticarət dövriyyəsi 252 milyon dollar,

– 2025-ci ilin ilk doqquz ayında isə 319 milyon dollar təşkil edib ki, bu da 87,5 faiz artım deməkdir.

Əlavə olaraq, ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması gələcəkdə birgə iqtisadi layihələrin genişləndirilməsinə şərait yaradır. Xankəndidə fəaliyyətə başlayan birgə tikiş fabriki əməkdaşlığın real nəticəsi kimi qeyd olunub.

2024-cü ildə iki ölkə arasında tranzit daşımaların həcmi 1,3 milyon tonu keçib. 2025-ci ilin doqquz ayı ərzində isə bu göstərici 1 milyon tona yaxınlaşıb.Azərbaycanın müasir infrastrukturu — Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, ticarət donanması və doqquz beynəlxalq hava limanı Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit imkanları yaradır.

Mədəni-humanitar əlaqələr genişlənir. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq intensiv şəkildə davam edir. Son illərdə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri, Xivədə “Şuşa Günləri” təşkil olunub.

Şəhərlərarası qardaşlaşma proqramları — Şuşa-Xivə, İsmayıllı-Riştan, Lənkəran-Buxara — xalqlar arasında yaxınlığı daha da artırır. Daşkənddə Heydər Əliyev meydanının yaradılması və Bakıda “Özbəkistan” parkının salınması dostluğun rəmzləri kimi qiymətləndirilir.

İdman, media və QHT sahəsində əməkdaşlıq güclənir.Azərbaycan və Özbəkistanın birgə səyləri nəticəsində 2027-ci il U-20 Dünya Çempionatının final mərhələsi hər iki ölkədə keçiriləcək.

Nəticədə Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin, həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

Qafarova Ləman
Xəzər rayonu, 334 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button