Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında səmərəli əməkdaşlığın siyasi göstəriciləri
Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət görüşündə cənab prezidentimiz İlham Əliyevin fəxri qonaq kimi dəvət edilməsi ölkəmizin qardaş Asiya ölkələri ilə qarşılıqlı əlaqələrinin dərinliyini, ortaq mədəni köklərimizin möhkəm bünövrəsinin olduğunu göstərir. Mərkəzi Asiya ölkələrinin tarixi keçmişinə nəzər salsaq Böyük İpək yolunun keçdiyi, Avropa ilə Uzaq şərq ölkələri arasında məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamış olduğunu görərik. Böyük İpək yolunun yenidən əhəmiyyət qazanması Azərbaycanın regionda əsas rol oynayacağını göstərir. 44günlük Vətən müharibəmizin qalibiyyəti nəticəsində imzalanmış bəyanata əsasən açılmalı olan Zəngəzur dəhlizi ilə Asiya dövlətləri ən qısa və təhlükəsiz şəkildə tranzit daşınmalar həyata keçirəcəklər. Bundan başqa Mərkəzi Asiya ölkələrinin əhalisinin çox hissəsinin türk dil qrupuna aid olması açılacaq Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyə ilə qovuşması türk dünyası üçün əvəz edilməz olacaq.
Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər.
Görüş zamanı ev sahibi kimi Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon ilk olaraq Azərbaycan prezidentini salamlayaraq, “Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak etdiyini qeyd etmişdir”. Öz növbəsində Türkmənistan, Özbəkistan, Qırğızıstan prezidentləridə çıxışlarında İlham Əliyevi salamlamış, bugün bu görüşdən məmnunluğunu vurğulamışlar.
Ölkə başçımız da eyni zamanda öz çıxışında həmkarlarına təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, “İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır”.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə yalnız quru vasitəsi ilə deyil, həm də Xəzər dənizi vasitəsi ilə ticarət edir. Ölkəmiz 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.
İlham Əliyev çıxışının sonunda Mərkəzi Asiya Ölkələrinin başçılarına təşəkkürünü bildirdi:
“Hörmətli həmkarlar, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə Sizi görməkdən məmnun olaram. Bu gün keçirilən görüşə dəvətə görə bütün dövlət başçılarına bir daha təşəkkürümü bildirmək istəyirəm və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm”.
Səmayə Nəcəfova,
322 №li tam orta məktəbin tarix müəllimi