
Azərbaycan və Macarıstan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkə, ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür. Bu əməkdaşlıq təkcə siyasi sahədə deyil, iqtisadi, enerji, mədəniyyət və təhsil istiqamətlərində də özünü göstərir. İlham Əliyevin Macarıstana işgüzar səfəri bu əlaqələrin praktik təzahürüdür.
Macarıstan Avropa İttifaqı çərçivəsində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri kimi çıxış edir. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıq, xüsusilə təbii qazın nəqli ilə bağlı layihələr, bu münasibətləri strateji səviyyəyə çatdırıb. Macarıstanın Azərbaycanla olan əlaqələri, Cənubi Qafqaz regionuna Avropanın artan marağını da ifadə edir.
Bundan başqa, mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq həyata keçirilir. Macarıstan universitetlərində azərbaycanlı tələbələrin sayı artmaqdadır. Eləcə də Azərbaycanda macar mədəniyyətinə göstərilən maraq və birgə tədbirlər, xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirir.
Bu əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün hüquqi baza möhkəmləndirilir, yeni sənədlər imzalanır və qarşılıqlı səfərlər təşkil olunur. Azərbaycan və Macarıstanın münasibətləri klassik diplomatik çərçivədən çıxaraq, etibarlı müttəfiqliyə çevrilib.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı