
Son illərdə Azərbaycanın regional və beynəlxalq aləmdə artan rolu ölkənin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin nəticəsidir. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə çevik və balanslı siyasət aparmaqla beynəlxalq münasibətlər sistemində böyük nüfuza malikdir. Bu siyasətin bariz nümunələrindən biri Prezident cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri oldu.
Səfər zamanı Macarıstanla əlaqələrin xüsusilə enerji sahəsində strateji əhəmiyyət daşıdığı vurğulandı. Prezident Əliyev və Baş nazir Viktor Orbanın Budapeştdə verdiyi bəyanatlar qarşılıqlı etimad və əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. Azərbaycan Prezidentinin çıxışı, ölkələr arasında ortaq tarixi-mədəni köklərə və bənzər geosiyasi vəziyyətlərə toxunaraq, Macarıstanın müstəqil siyasətinə verdiyi dəstəklə diqqət çəkdi. Dövlət başçımız Orban hökumətini Avropa İttifaqı daxilində öz milli maraqlarını qoruyan nadir liderlərdən biri kimi dəyərləndirdi.
Viktor Orban isə öz növbəsində Azərbaycanı Macarıstanın etibarlı tərəfdaşı adlandıraraq enerji və diplomatiya sahələrində davamlı əməkdaşlığın əhəmiyyətini önə çəkdi. O, Azərbaycanın Macarıstanın qaz təchizatındakı sabit rolunu yüksək qiymətləndirdi və gələcək layihələrə açıq olduqlarını bildirdi.
Səfər çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatının Budapeştdəki Zirvə görüşü isə Macarıstanın türk dünyası ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirdi. Zirvə zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın regionda artan rolunu və çoxşaxəli xarici siyasətini əks etdirən məzmunlu çıxış etdi. O, Azərbaycanın TDT çərçivəsində təşəbbüskar mövqeyini, iqtisadi və infrastruktur layihələrini vurğuladı.
Prezident cənab İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət etdi və Azərbaycanın regional siyasətdəki lider mövqeyini bir daha təsdiqlədi.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi