
Azərbaycanın ortaya qoyduğu siyasi iradə, təşəbbüskarlıq ilə region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirməsi dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Macarıstan münasibətlərində də aydın şəkildə nümayiş etdirilir. Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan – Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb.
Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Macarıstanın enerjinin şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi ölkələrimiz arasında enerji ötürülməsini və yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Bu təşəbbüs, həmçinin Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha da şaxələndirəcək. Bu layihələr, xüsusən Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji daşımalarını artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək.
Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.
Günel Nəsibova
Yeni Azərbaycan Partiyası,məsləhətçi