AnalitikaGündəm

Azərbaycan və İtaliya arasında mövcud çoxşaxəli münasibətlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında bildirib: Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.Bununla yanaşı,Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub.

Azərbaycan və İtaliya arasında enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var.

İkitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. İkitərəfli münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir. Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.

Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəkdir. Bu beynəlxalq səviyyəli bir tədbirdir və dünyanın hər yerindən ölkəmizə nümayəndələr, liderlər, turistlər gələcəkdir.  Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Bu isə Azərbaycana olan etibarın təzahürüdür.

Qafarova Ləman.,
Xəzər rayonu,
 334 №-li tam orta məktəbin Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button