
“Prezident İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb oldu. Ölkələr arasında Strateji Tərəfdaşlıq Haqqında Bəyannamənin qəbul edilməsindən sonra əməkdaşlıq üçün tarixi imkanlar formalaşdı. Amma sonuncu səfər çərçivəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın, eləcə də bir çox sahəni əhatə edən 20-dən artıq sənədin imzalanması münasibətləri daha yüksək səviyyəyə qaldırdı. Prezident İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsində bildirdiyi kimi, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə, həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan və Çin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir: “Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir, hətta Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olub. Hətta, Azərbaycan Çinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Çinlə münasibətlər bu gün Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi irslərdən biridir. Bu səbəbdəndir ki, Çin ilə münasibətlər Azərbaycanın xarici siyasət prioritetləri sırasında xüsusi yer tutur”.
“Azərbaycan və Çin vətəndaşları üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması mühüm hadisədir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Çin Azərbaycanın idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır.