
3 iyul 2023-cü il tarixində tarixə düşən bir gün yaşandı. Azərbaycan ilə Çin arasında imzalanan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin yalnız dərin olmadığını, həm də dayanıqlı olduğunu nümayiş etdirdi. Bu sənəd, təkcə qarşılıqlı razılaşmanın deyil, iki dövlətin gələcək baxışlarının və inkişaf modelinin ortaq məxrəcə gəlməsinin sübutudur.
Birgə Bəyannamə konkret istiqamətlər üzrə əməkdaşlığın əsasını qoydu: enerji, ticarət, infrastruktur, nəqliyyat və mədəniyyət. Sənəddə tərəflər beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmağı və bir-birinin daxili işlərinə qarışmamağı açıq şəkildə bəyan etdilər. Bu, münasibətlərə sabitlik və uzunömürlülük gətirəcək amillərdən biridir.
Bəyannamənin qəbulu, sadəcə bu gün üçün deyil, gələcək onilliklər üçün strateji baxışın göstəricisidir. O, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir və Çinin qlobal təşəbbüslərində mühüm tərəfdaş kimi rolunu möhkəmləndirir. Beləliklə, bu sənəd sadəcə hüquqi akt deyil, iki millətin qarşılıqlı etimadla qurduğu yol xəritəsidir.
Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı