AnalitikaGündəmSosial

Azərbaycan və Amerika arasında strateji tərəfdaşlıq

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər ölkəmizin diplomatiya tarixində mühüm hadisə kimi qiymətləndirilir. Vaşinqtonda qəbul olunan Birgə Bəyannamə, Azərbaycanın regionda yaratdığı yeni status-kvonun beynəlxalq miqyasda tanındığını təsdiqlədi. Artıq beynəlxalq ictimaiyyət Cənubi Qafqazın reallıqlarını qəbul edir. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin iştirakı ilə sülh sazişinin paraflanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq mərhələsinin başlanğıcını simvolizə edir.

Sənəddə Azərbaycanın maraqlarına tam uyğun maddələr yer alıb. Prezident İlham Əliyevin illərdir vurğuladığı kimi, sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistanın bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoyması zəruri idi. Vaşinqton razılaşması nəticəsində bu şərtlər qəbul edildi və hər iki tərəf ATƏT-ə birgə müraciət ünvanladı.

Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin olunması da təsbit edilib. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” çərçivəsində Zəngəzur dəhlizinin reallaşması regionun tranzit imkanlarını genişləndirəcək və iqtisadi əməkdaşlıq üçün yeni üfüqlər açacaq.

Səfər həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması barədə imzalanan memorandum iki ölkə arasında enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində strateji əməkdaşlıq imkanlarını genişləndirəcək. Bununla yanaşı, 907-ci düzəlişin ləğvi Azərbaycanın ədalətli mövqeyinin tanınmasının simvoluna çevrildi.

Ağ Evdə keçirilən görüşlər Prezident İlham Əliyevin yüksək diplomatik ustalığını bir daha nümayiş etdirdi. Səfərin nəticələri həm ikitərəfli münasibətlərin inkişafına, həm də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına möhkəm zəmin yaradır.

Ələkbər Novruzov
Xəzər rayonunun gənc fəalı

Oxşar Xəbərlər

Back to top button