
Ukrayna Prezidenti Volodimir Zelenskinin 2026-cı ilin 25 aprelindəki Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıqdan hərbi-texniki və enerji ittifaqı səviyyəsinə yüksəldən mühüm dönüş nöqtəsidir.
Eyni zamanda səfər zamanı hər iki dövlət başçılarının verdiyi ən mühüm diplomatik mesaj hər iki dölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasıdır.
Bundan əlavə hər iki ölkə 44 günlük müharibə dövründə, həm də Ukraynadakı müharibə şəraitində hər iki ölkə beynəlxalq platformalarda (BMT, GUAM) bir-birini daim dəstəkləyiblər. Bu barədə mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bildirmişdir: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.”
Zelenskinin 2026-cı il aprel səfəri göstərdi ki, Azərbaycan Ukrayna üçün regionda ən etibarlı tərəfdaşlardan biridir. Azərbaycanın Ukraynaya göstərdiyi dəstək bu səfərlərlə daha sistemli xarakter alıb.
Ukrayna tərəfi Azərbaycanın indiyə qədər 11 enerji yardım paketi göndərdiyini xüsusi vurğulayır. Bu yardımlar dağıdılmış enerji infrastrukturunun bərpası üçün generatorlar və transformatorları əhatə edir.
Səfər çərçivəsində SOCAR-ın Ukraynadakı investisiyaları və yanacaq təminatındakı rolu geniş müzakirə olunub.
Eyni zamanda 500-dən çox ukraynalı uşağın reabilitasiya üçün Azərbaycana gətirilməsi “yumşaq güc” diplomatiyasının uğurlu nümunəsidir.
Zelenskinin aprel səfərinin ən diqqətçəkən tərəfi hərbi-sənaye kompleksi üzrə əməkdaşlıqdır. Ukrayna prezidenti Azərbaycanla dron texnologiyaları və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq barədə sazişlərin imzalandığını bəyan edib. Ukraynanın müasir müharibə təcrübəsi ilə Azərbaycanın hərbi-texniki potensialının birləşdirilməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində iqtisadi dövriyyənin artırılması üçün konkret mexanizmlər müəyyən edilib:
– Kiyev və Bakıda qarşılıqlı ticarət evlərinin fəaliyyəti genişləndirilir.
– Ukrayna Azərbaycanın logistik imkanlarından (Bakı-Tiflis-Qars, Ələt Limanı) istifadə edərək Orta Dəhliz vasitəsilə Asiyaya çıxış imkanlarını müzakirə edir.
Zelenskinin səfəri Azərbaycan-Ukrayna münasibətlərini iqtisadi tərəfdaşlıqdan çıxarıb, onu regional təhlükəsizlik və strateji həmrəylik modelinə çevirmişdir. Bakının həm Rusiya, həm də Ukrayna ilə balanslı siyasət yürütməsinə baxmayaraq, Zelenskinin səfəri rəsmi Kiyevin Azərbaycana olan xüsusi etimadının göstəricisidir.
Vəli Hüseynli,
Nizami rayonu 61 saylı tam orta məktəbin tarix müəllimi


