“Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş bu münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Təsadüfi deyil ki, bu gün hər üç ölkənin strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri mövcuddur. Məhz 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Eləcə də Azərbaycanın Türkiyə ilə 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Ölkələr bir-birinə qarşılıqlı dəstək verir, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində əməkdaşlıq edirlər”.
Bunu “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasındakı əməkdaşlıq Asiya ilə Avropa arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: “Reallıq ondan ibarətdir ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar. Onu da əlavə edək ki, haqqında danışılan ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçılarıdır. Bu gün Avropadan Asiyaya və əksinə uzanan ticarət yolları üzərində yerləşən hər üç dövlət Avrasiyada mühüm əməkdaşlıq platformasını formalaşdırırlar. Hər üç ölkə eyni zamanda yerləşdikləri geostrateji məkanın enerji təhlükəsizliyinin də təmin olunmasında əhəmiyyətli rola malikdirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması da regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq”.
“Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanmış energetika, nəqliyyat, gömrük, ticari-iqtisadi səhələrdə əməkdaşlığa dair sənədlər də qeyd olunan sferalarda uğurlu layihələrin reallaşdırılmasına əlavə imkanlar verəcək” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın reallaşdırdığı nəqliyyat-logistika və kommunikasiya layihələri bütün ölkələrin birgə fəaliyyəti mühüm imkanlar açır: “Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Eləcə də Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası yaxın illərdə tam gücü ilə işə başlayacaq. Həmçinin, 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir və bu gün Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Bundan başqa regionun mühüm nəqliyyat arteriyası olan Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Bütün bunlarla yanaşı Bu gün Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərirki, işğaldan azad olunmuş Laçında sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub. Bir sözlə, Azərbaycan malik olduğu nəqliyyat-logistika və kommunikasiya imkanları Azərbaycan, Türkmənistan-Türkiyə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə təkan verir. Bütün bunlar Avrasiyada iri enerji, nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsinə vəsilə olacaq”.