
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan qardaşlıq münasibətləri son illərdə daha da dərinləşərək strateji müttəfiqliyə çevrilib. Bu üç ölkə tarix, mədəniyyət və ortaq dəyərlərlə bir-birinə bağlı olsa da, son illərdə iqtisadi, hərbi və diplomatik sahələrdə atılan addımlar münasibətləri daha möhkəm təməl üzərində birləşdirib. “Üç qardaş” anlayışı artıq təkcə emosional bağ deyil, konkret fəaliyyət planları ilə təsdiq olunur.
2021-ci ildə keçirilmiş “Üç qardaş” birgə hərbi təlimləri bu əməkdaşlığın simvoluna çevrildi. Müxtəlif döyüş senariləri üzərində qurulan təlimlər təkcə təhlükəsizlik baxımından deyil, eyni zamanda tərəflərin bir-birinə olan inam və dəstəyini göstərdi. Bu addımlar regional sabitlik və qlobal təhlükəsizlik üçün də ciddi mesajlar verir.
Ticarət, texnologiya, energetika və nəqliyyat kimi sahələrdə əməkdaşlıq da sürətlə genişlənir. Məsələn, Bakı–İslamabad hava reysləri və İslamabad–Tehran–İstanbul dəmir yolu xətti ticarət əlaqələrini yeni mərhələyə daşıyır. Həmçinin “D-8” və “ECO” kimi beynəlxalq platformalarda ortaq mövqelər nümayiş etdirilərək qarşılıqlı maraqlar qorunur.
Bu əməkdaşlığın əsas dayaq nöqtəsi isə xalqlar arasında formalaşmış dərin inam və dostluqdır. Üç ölkənin liderləri də bu münasibətləri daim gücləndirmək üçün siyasi iradə nümayiş etdirir. Qardaşlıq üzərində qurulan bu münasibətlər bölgədə yeni bir siyasi və iqtisadi güc mərkəzinin formalaşmasının xəbərçisidir.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı