Azərbaycan-Türkiyə-Türkmənistan münasibətləri Türk dünyasında yeni reallıqlar yaradacaq
Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Ayrıca Türkiyə, Türkmənistan və Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Türkiyə, Türkmənistan və Azərbaycan xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu ölkələri həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olması, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan-Türkiyə -Türkmənistan münasibətlərinin yüksək səviyyəsini, möhkəm əlaqələrin salsılmaz xarakterini bir daha təsdiqləyir. Bu gün Azərbaycan Türkiyə Və Türkmənistanı bir-birinə möhkəm bağlayan strateji layihələr fəaliyyət göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin gücləndirilməsinə dair mühüm addımlar atılır. Dekabrın 14-ü Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev çıxışında deyib: “Azərbaycan, Türkiyə və Türkmənistan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Biz xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələrlə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. “
Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman vurğulamışdır ki, bu gün beynəlxalq hüququn işləmədiyi və məhz güc faktorunun dünyada getdikcə daha çox həlledici amilə çevrildiyi təkzibolunmaz faktdır. Belə olan vəziyyətdə təbii ki, kiçik dövlətlər, xüsusilə də zəngin təbii sərvətləri olan ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün zəruri addımlar atmalıdırlar.Eyni zamanda, bu fakt türk birliyinin, türkdilli ölkələr arasında münasibətlərin güclənməsini də özündə ifadə edir. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində türk dövlətləri və xalqları arasında əlaqələr daha da möhkəmlənəcək və regional güc amilinə çevriləcək.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı