Analitika

Azərbaycan-Türkiyə-Türkmənistan dövlət başçılarının birinci zirvə görüşü tarixi əhəmiyyətə malikdir

Türkmənbaşı şəhərində keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Görüş zamanı əbədi dost və qardaş olan üç ölkə arasında ticarət, enerji, nəqliyyat, gömrük, elm və mədəniyyət haqqında sənədlər imzalanması da görüşün əsas mahiyyəti ondan ibarət idi. Eyni zamanda qardaş ölkələr arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi baxımındanda bu görüş müstəsna əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan beynəlxalq mövqelərini gücləndirmək üçün milli maraqlara əsaslanan fəal, çevik, bir-birini tamamlayan, komplementar xarici siyasət yürüdür, eyni zamanda beynəlxalq əməkdaşlığa mühüm önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Azərbaycan dünyada böyük etimad qazanan ölkə – etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi: Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”. Uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz əksini tapır.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə-Türkmənistan dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı Zəngəzur dəhlizinin açılması məsələsinə də xüsusi ilə toxunmuşdur. Ölkə başçısı öz çıxışı zamanı qeyd etmişdir ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər fəal aprılır. Görülən bütün bu işlər həm ölkəmizin milli maraqlarının qorunmasına, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasına xidmət göstərir.

Şübhəsiz ki, bu gün ölkəmizin cazibə mərkəzinə çevrilməsi dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu gün biz əminliklə qeyd edə bilər ki, Azərbaycana olan rəğbət daim artır, bütün dünyada ölkəmizə yüksək hörmət və etimad göstərilir.

Aytac Məhərrəmova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button