Azərbaycan-Tacikistan ünasibətlərinin inkişafı yaxşı perspektiv vəd edir
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Heç şübhəsiz, bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rola malikdirlər və prosesə böyük töhfələr verirlər. Məhz Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ay Ankarada Türkdilli Dövlətlər Təşkilatının Dövlət Başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi dövlətimizin başçısının türk dünyasının birliyinə verdiyi daha bir töhfə kimi qiymətləndirilməlidir. Çünki bu Zirvə görüşündə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar türk dövlətlərinin həmrəyliyi, qarşılıqlı yardımı və fövqəladə hallarda birgə hərəkət etmək kimi məsələlər əsas müzakirə mövzusu oldu.
Dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeninin təqdim olunması, həmçinin onun Qazaxıstanın ali ordeni ilə təltif edilməsi türk dövlətləri tərəfindən Azərbaycana və onun rəhbərinə verilən yüksək dəyərin ifadəsidir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Tacikistan münasibətlərinə qısa baxış İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana dövlət səfəri edib. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçiriləcək. Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir.
Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. Parlamentlərarası əlaqələrə gəldikdə deyə bilərik ki, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın beş iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. 2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib. Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankı mübadilə edilir. 2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə üç dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.
Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur. Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı