
Azərbaycan dövləti su təhlükəsizliyini milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir. Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin 2026–2035-ci illər üzrə inkişafını nəzərdə tutan Dövlət Proqramı bu strateji yanaşmanın bariz nümunəsidir.
Son 20 ildə həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkənin əsas su infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Yeni su anbarlarının tikintisi, mövcud sistemlərin yenilənməsi və azad edilmiş ərazilərdə su obyektlərinin bərpası su təminatının dayanıqlığını artırıb. Xüsusilə işğal dövründə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə olunması faktının aradan qaldırılması humanitar və ekoloji baxımdan mühüm nailiyyətdir.
Yeni Dövlət Proqramı Bakı, Abşeron və Sumqayıt üçün keyfiyyətcə yeni mərhələ açır. İçməli su təminatının genişləndirilməsi, su itkilərinin azaldılması, kanalizasiya və yağış suları sistemlərinin modernləşdirilməsi əsas prioritetlər sırasındadır. Bununla yanaşı, duzsuzlaşdırma zavodunun tikintisi və mövcud su kəmərlərinin təkmilləşdirilməsi alternativ su mənbələrinin formalaşmasına xidmət edəcək.
Bu proqram bir daha göstərir ki, Azərbaycan su ehtiyatlarının qorunmasını və səmərəli idarə olunmasını uzunmüddətli dövlət siyasətinin əsas tərkib hissəsi kimi qəbul edir.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



