AnalitikaGündəmSiyasət

Azərbaycan-Slovakiya Strateji əməkdaşlığının yeni mərhələsi

Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Qeyd etmək lazımdır ki, 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngidib. Azərbaycan-Slovakiya əlaqələrinin formalaşması müstəqilliyin ilk illərinə təsadüf etsə də, 2019-cu ildən etibarən bu münasibətlər daha sistemli və şaxələnmiş şəkildə inkişaf edir. 2024-cü ilin may ayında isə Bakı şəhərində iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin inkişafını daha da stimullaşdıraraq, münasibətləri yeni səviyyəyə qaldırmış, artıq iki ölkə arasında konkret sahələr üzrə münasibətlərin inkişafı nəzərə çarparaq uzunmüddətli perspektivlər vəd etmişdir.

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərdi. Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı ilk olaraq bildirib ki, “bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub”.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.

Prezdent İlham Əliyevin Slovakiyaya etdiyi bu səfər zamanı verilən açıqlamalar həm ümumi siyasi xətti, həm də konkret əməkdaşlıq istiqamətlərini üzə çıxarır. Azərbaycan və Slovakiya artıq təkcə dost ölkələr deyil, eyni zamanda strateji tərəfdaşlar kimi çıxış edirlər. Bu tərəfdaşlığın əsasını enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əlaqələr, müdafiə sənayesi və yeni texnologiyalar təşkil edir. Prezidentin açıqlamalarına əsasən, Azərbaycan uzun müddətdir ki, öz xarici siyasət prioritetlərini aydın şəkildə müəyyənləşdirib. Bu prioritetlərin başında:

-Şərqlə Qərb arasında körpü rolunun gücləndirilməsi,

-Nəqliyyat dəhlizlərinin inkişafı,

-Enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş statusunun qorunması dayanır.

Bu gün Azərbaycan həm Şərq–Qərb, həm də Orta Dəhliz layihələrində mühüm tranzit ölkə kimi çıxış edir. Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və etibarlı marşrut Azərbaycan ərazisindən keçir. Slovakiya ilə əməkdaşlıq da məhz bu kontekstdə daha da aktual olur.

Ümumiyyətlə, Azərbaycanın zəngin enerji ehtiyatları Slovakiya ilə əməkdaşlığın əsas sütunlarından biridir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir və bunun yarısından çoxu Avropa bazarına yönəlir. Prezdent İlham Əliyev Slovakiya səfəri zamanı mətbuatda verdiyi bəyantda qeyd edirdi ki, artıq Azərbaycan qazını almış ölkələrin sayı 14 çatıb və Azərbaycan boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Həmçinin prezident yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə edilərək həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacağını da ayrıca vurğulamışdır.

Prezident Əliyevin vurğuladığı mühüm məqamlardan biri də Slovakiyanın siyasi sabitlik və güclü sənaye potensialına malik olmasıdır. Slovakiya müstəqil xarici siyasət yeridir və bu, Azərbaycanda hörmətlə qarşılanır. Bu faktor iki ölkə arasında daha etibarlı və bərabərhüquqlu tərəfdaşlığa şərait yaradır. Bununla yanaşı, iki ölkə arasındakı hərbi və müdafiə əməkdaşlığı da genişlənməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.

Prezident İlham Əliyevin Slovakiyaya etdiyi ilk rəsmi səfər həm dost ölkələr arasında münasibətlərin dərinləşməsinə, həm də hər iki dövlətin strateji maraqlarının irəliləməsinə xidmət edir. Bu səfər regionda siyasi və iqtisadi sabitliyin möhkəmlənməsinə nümunəvi yanaşma təqdim etməklə yanaşı, yeni investisiya perspektivləri açır. Diplomatik əməkdaşlıq, iqtisadi tərəfdaşlıq, sənaye sahəsində birgə layihələr və parlamentlərarası əlaqələrin gücləndirilməsi strateji münasibətlərin əsas dayaqları kimi çıxış edir və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ciddi əsas yaradır.

Əsədova Əminə,
Xəzər rayonu,92 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button