Azərbaycan-Slovakiya münasibətləri
Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngidib. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib. 1 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Görüş zamanı Eduard Kukan bildirib: “Biz buradakı bütün danışıqlarımızda Dağlıq Qarabağ problemini xatırlayırdıq. Başa düşürük ki, bu, çox böyük problemdir, ölkənizin bütün inkişafını çətinləşdirir, mürəkkəbləşdirir. Cənab prezident, biz erməni həmkarlarınızla Sizin bütün siyasi əlaqələrinizi izləyirik. Ümidvarıq ki, Siz hər halda problemin həlli yolunu tapacaqsınız”. Ermənistanın münaqişənin təşəbbüsçüsü olmasını qeyd edən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev bildirib: “Müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, oradan bir milyonadək azərbaycanlı zorla çıxarılmışdır. Onlar çadırlarda yaşayır, təbii ki, işsizdirlər və Azərbaycanda çox böyük sosial-iqtisadi çətinliklər yaşayırlar”. İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf etməyib. Ancaq bu münasibətlərin intensivləşdirilməsi üçün müəyyən addımlar atılmaqdadır. Artıq Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı