Azərbaycan -Slovakiya əlaqələri

XX əsrin sonları dünya tarixinə yeni dövlətlərin meydana gəlməsi,dünyanın siyasi xəritəsinə yeni ölkələrin adının düşməsi ilə damğa vurmuşdur.Dünyada qüvvələr nisbətinin dəyişməsi,iki əsas rejim arasında gedən mübarizənin Qərbin qələbəsi,sosialist yönümlü idarəçilik sisteminin iflası ilə başa çatması ,Sovet imperiyasının tərkibində mövcud olan ölkə kimi Azərbaycanın da müstəqillik uğrunda apardığı mübarizənin qalibiyyətlə yekunlaşması,suveren dövlətimizin qurulması ilə nəticələndi. Eyni zaman dilimində oxşar proseslər Şərqi və Mərkəzi Avropanın sosialist rejimli ölkələrində,o cümlədən keçmiş Çexoslavakiya adlanan indiki Çexiya və Slovakiya Respublikalarında da gedirdi.
1989-cu ildən başlayaraq bütün Şərq bloku ölkələrdə olduğu kimi Çexoslovakiyada da rejimin yumuşalması,çoxpartiyalı sistemə keçid,siyasi maraqların dəyişməsi məsələləri gündəmdə idi.1990-cı ildə ölkədə ilk demokratik seçkilər keçirildi və milliyyətçilər iqtidara gəldi.1992-ci ilin noyabrın 25-də əldə edilən razılaşmaya əsasən 1992-ci ilin dekabr ayının 31-də bu iki respublika bir-birindən ayrılaraq müstəqil şəkildə fəaliyyətə başladılar.
1993-cü il yanvar ayının 1-də Slovakiya öz müstəqilliyini elan etdi,dünya dövlətləri ilə diplomatik münasibətlər qurmağa başladı və ölkənin tarixində yeni bir səhifə açıldı. Həmin dövrdə Azərbaycan Respublikası da artıq 1991-ci ilin oktyabr ayının 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək suveren dövlət kimi ilk addımlarını atmağa,beynəlxalq aləmdə tanınmağa və xüsusilə də 1988-ci ildən erməni separatçı rejimi tərəfindən başladılmış,ölkənin 20 faiz ərazisinin işğalı,bir milyondan artıq məcburi köçkünün acınacaqlı vəziyyəti ilə bağlı gerçəkləri dünya ictimaiyyətinə çatdırılması,haqq səsinin eşitdirilməsi ilə bağlı tədbirlər planı həyata keçirməyə çalışırdı.
Müstəqillik əldə etdikdən sonra ölkəmiz tez bir zamanda müxtəlif beynəlxalq təşkilatlara üzv oldu və dünya ölkələri ilə diplomatik əlaqələr qurmağa başladı. Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər etmişdi. Səfər zamanı Birgə Bəyanat,Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Slovakiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdı.
20 Aprel 2002-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Slovakiya Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti dəfə əməkdaşlıq haqqında Protokol imzalandı. İkitərəfli əlaqələrin genişlənməsindən danışarkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2004-cü ilin mart ayının 18-də Slovakiya Respublikasına səfərini xüsusilə vurğulamaq lazımdır.Bu səfər iki ölkə arasındakı əməkdaşlığın inkişafının təməlini qoymuş,isti münasibətlərin yaranmasında böyük rol oynamışdır.
Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirmişdi.. ATƏT-in o vaxtkı sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passi, Rumıniyanın baş naziri Adrian Nestaseni, NATO-nun baş katibi Yaap de Hoop Sxeffer, Avropa Birliyinin komissarı Günter Verhögen ilə görüşlər xüsusi qeyd olunmalıdır. 28 aprel 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi.. Görüşdə ikitərəfli münasibətlər, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və Avropa strukturlarına inteqrasiyası kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın xarici işlər naziri ilə keçirdikləri brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Yan Kubiş bildirib ki,münaqişənin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Slovakiya Respublikasının dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyi prinsipindən çıxış etdiyini bildirmişdi. 12 may 2009-cu ildə Slovakiya Respublikası baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin Azərbaycana səfər edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məhkəmənin yeni binasının açılış mərasimində iştirak edib. Azərbaycan Respublikasının və Slovakiya Respublikasının ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. 6 oktyabr 2009-cu ildə Prezident İlham Əliyev Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan ilə Slovakiya arasında münasibətlərin bütün istiqamətlərdə genişlənməsinin zəruri olduğunu vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin bu günə qədər də intensiv xarakter daşımadığını qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Slovakiyanın Konstitusiya Məhkəməsinin sədrinin Azərbaycana səfəri uğurlu nəticələr verəcək və əməkdaşlığımızın daha da inkişafına xidmət edəcəkdir.
15 mart 2010-cu ildə Prezident İlham Əliyev Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib və bu səfərin Azərbaycan ilə Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğulayıb. Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb. Daha sonra nazir bildirib ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Miroslav Layçak Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu deyib.
Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Slovakiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi 2019-cu ilin oktyabr ayının 1-dən fəaliyyət göstərməyə başlamışdı.
Azərbaycan Respublikasının Slovakiyadakı səfirliyi isə əvvəllər Azərbaycanın Avstriyadakı səfirliyin tərkibində fəaliyyət göstərirdi və Slovakiyada konsulluq səviyyəsində mövcud idi.2023-cü ilin iyul ayının 28-də Bratislava şəhərində Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı səfirliyi təsis edildi və fəaliyyətə başladı.Bu isə iki dövlət arasındakı mədəni,iqtisadi,siyasi əlaqələrin,qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayan bir faktor oldu.
Hər iki dövlət arasında əlaqələr hazırda sürətlə inkişaf etməkdədir. 2021-ci ilin oktyabrında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” imzalanmış saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.
Bu ilin may ayının 7-də Slovakiya Respublikasının baş naziri Robert Fitsonun ölkəmizə işgüzar səfərinin Azərbaycan-Slovakiya ikitərəfli əməkdaşlığının inkişafında xüsusi rolunu olduğunu və iki dövlət arasındakı tərəfdaşlığın yeni,daha yüksək mərhələyə qədəm qoyduğunu görmək çox qürurvericidir.
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə əvvəlcə təktərəfli,daha sonra geniş tərkibdə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Azərbaycanla Slovakiyanın müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu və müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün olduqca önəmlidir.
İlham Əliyev öz çıxışında bu məqama xüsusi olaraq diqqət ayıraraq bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldığını və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verildiyini bildirdi.
Görüşdə müzakirə predmeti olan digər bir önəmli məqam da energetika sahəsindəki əməkdaşlıqla bağlı oldu. Ölkə başçısı mətbuata açıqlamasında bəyan etdi ki, 9-cu ölkənin məhz Slovakiya olacağına inanır. Bu məsələ kifayət qədər realdır, çünki keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaranıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında dediyi kimi, Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirdi ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”.
Hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanılıb. Eyni zamanda, Azərbaycanın geniş miqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox bərpa olunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək imkanı yaradacaqdır. Odur ki, Avropa istiqamətində 20 milyard kubmetr qazın nəql edilməsi tamamilə realdır.
Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.
Beləliklə də bütün bu illər ərzində görülən işlər və son səfərin nəticələrini nəzərə alaraq bir daha əmin oluruq ki, Azərbaycan-Slovakiya əlaqələri yüksələn qrafiklə inkişaf edir,iki ölkə arasındakı isti münasibətlər fonunda əməkdaşlığın və tərəfdaşlığın yeni,daha güclü səhifələriyazılır..Bütün bunlar isə əlbəttə ki,Azərbaycan dövlətinin beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən ən gözəl nümunələrdəndir.
Abasova Şəhla,
BSU, Diplomatiya və xarici siyasət kafedrasının müəllimi.