
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.
Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir.
Cari ilin fevralında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın xarici içlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski arasında görüş olub. Bu görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib. Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.
Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.
Alidə Aslanova,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi