Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir

26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ordu quruculuğu sahəsində dövlət siyasətinin bariz nəticəsi olaraq son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin bütün qoşun növləri inkişaf edərək qüvvətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb və döyüş qabiliyyəti artıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmən üzərində qazandığımız Zəfər bunun bariz nümunəsidir. Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbiçi idi. Elə buna görə də 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbiçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ali Baş Komandanımız cənab İlham Əliyev Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək, ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Elə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması və erməni qəsbkarlarına verilən tutarlı cavab bir daha bizim ordumuzun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu. Azərbaycanda hərbi quruculuq işləri bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır.
Fikrət Orucov,
YAP-ın gənc fəalı