
“26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, həm də Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunun, qazandığı uğurların və əldə etdiyi tarixi qələbələrin xatırlandığı mühüm gündür. Bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biri kimi qəbul edilir və beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilir”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan ordusunun müasir inkişafının təməli Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır: “Hələ 1970-ci illərdə onun təşəbbüsü ilə hərbi kadr hazırlığı sahəsində mühüm addımlar atılıb, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Bu təhsil ocağı sonradan Azərbaycan Silahlı Qüvvələrinin peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynayıb. Müstəqilliyin ilk illərində ölkədə siyasi və hərbi idarəetmədə mövcud olan problemlər nizami ordunun formalaşmasını çətinləşdirirdi. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Pərakəndə silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı və peşəkar ordu modelinin əsası qoyuldu. 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra isə Silahlı Qüvvələrin modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının artırılması və beynəlxalq hərbi standartların tətbiqi əsas prioritetlərə çevrildi. 1998-ci ildə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, 1999-cu ildə Hərbi Akademiyanın yaradılması və sonrakı illərdə hərbi təhsil sisteminin təkmilləşdirilməsi milli ordu quruculuğunun institusional əsaslarını daha da möhkəmləndirdi”.
“2003-cü ildən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil oldu. Müdafiə xərclərinin artırılması, müasir silah və texnikanın alınması, hərbi sənaye kompleksinin yaradılması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi ordunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəltdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Ordusunun inkişafı yalnız texniki göstəricilərlə deyil, real döyüş əməliyyatlarında əldə olunan nəticələrlə də öz təsdiqini tapdı: “2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı ordunun yüksək döyüş hazırlığını nümayiş etdirdi. Bu uğurlar gələcək böyük qələbənin ilkin siqnalları idi. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi isə Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Ordusu qısa müddət ərzində işğal altında olan ərazilərin böyük hissəsini azad etdi və ölkənin ərazi bütövlüyünün bərpasına nail oldu. Müasir hərbi texnologiyalar, peşəkar idarəetmə sistemi və yüksək vətənpərvərlik ruhu qələbənin əsas amilləri kimi çıxış etdi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərpası ilə nəticələndi”.
Ramil Vəlibəyov qeyd edib ki, müharibədən sonrakı dövrdə Azərbaycan Ordusu inkişafını davam etdirir: “Komando hərbi hissələrinin yaradılması, Milli Müdafiə Universitetinin təsis edilməsi və ordunun Türkiyə Silahlı Qüvvələrinin müasir idarəetmə modelinə uyğunlaşdırılması bu istiqamətdə atılan mühüm addımlardır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, Şuşa Bəyannaməsi çərçivəsində həyata keçirilən layihələr, eləcə də Pakistan, İsrail və digər tərəfdaş ölkələrlə əməkdaşlıq ordunun gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Bu əməkdaşlıqlar müasir texnologiyaların tətbiqinə, hərbi təhsilin təkmilləşdirilməsinə və müdafiə qabiliyyətinin artırılmasına xidmət edir”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi dövlətçilik, peşəkarlıq, vətənpərvərlik və qətiyyət nümunəsidir: “Müstəqilliyin ilk illərində qarşılaşdığı çətinliklərə baxmayaraq, Azərbaycan Ordusu ardıcıl dövlət siyasəti nəticəsində regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və sonrakı dövrdə suverenliyin tam bərpası bu inkişafın ən mühüm nəticələri kimi tarixə düşüb. Bu gün Azərbaycan Ordusu yalnız ölkənin təhlükəsizliyinin qarantı deyil, həm də xalqın milli qürur mənbəyi və dövlət müstəqilliyinin əsas dayağıdır”.



