AnalitikaGündəmOrdu

Azərbaycan Silahlı Qüvvələri regionda sülhün, sabitliyin və təhlükəsizliyin ən böyük qarantıdır

Hər bir müstəqil dövlətin varlığının, suverenliyinin və qüdrətinin ən başda gələn təminatçısı onun silahlı qüvvələridir. Lakin bəzi xalqlar üçün ordu sadəcə strateji bir struktur, dövlət təsisatı deyil, həm də milli kimliyin, şərəf və ləyaqətin birbaşa təcəssümüdür. Azərbaycan xalqı üçün də Silahlı Qüvvələr məhz bu ali mənanı ifadə edir.

Tarixin sınaqlarından keçərək formalaşan, otuz illik yaranı sağaldan və torpaqlarımızı azad edən Azərbaycan Ordusu bu gün milli qürurumuzun, şərəf və ləyaqətimizin ən parlaq rəmzidir.

Azərbaycan xalqının orduya olan sevgisi və etimadı çoxəsrlik dövlətçilik ənənələrimizə dayanır. Tarix boyu mövcud olmuş Azərbaycan dövlətləri öz torpaqlarını, xalqın namus və şərəfini məhz güclü ordular vasitəsilə qorumuşlar.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk nizami ordunun qurulması milli ləyaqətin bərpası yolunda atılan ən mühüm addım idi. Həmin dövrdə general Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi sərkərdələrin rəhbərliyi ilə formalaşan ordu xalqın müstəqillik iradəsini qoruyan əsas qalaya çevrilmişdi. SSRİ dövründə bu ənənələr boğulmağa çalışılsa da, 1971-ci ildə ulu öndər Heydər Əliyevin böyük cəsarəti sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması gələcək müstəqil ordumuzun zabit korpusunu — milli qürur qvardiyasını yetişdirdi.

1990-cı illərin əvvəllərində torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi xalqımızın milli mənliyinə və ləyaqətinə vurulmuş ağır bir zərbə idi. Milyondan çox qaçqın və məcburi köçkünün fəryadı, şəhidlərimizin qisası və tapdanmış torpaqlarımız hər bir azərbaycanlının qəlbində sağalmaz bir yara, həm də böyük bir ləyaqət davasına çevrilmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində görülən bütün işlər — iqtisadi islahatlar, diplomatik hücumlar və nəhəng ordu quruculuğu prosesi tək bir məqsədə xidmət edirdi: Milli ləyaqətimizi bərpa etmək!

Azərbaycan Ordusu illərlə dözümlə, peşəkarlıqla və ən müasir hərbi texnologiyalarla silahlanaraq həmin müqəddəs günə hazırlaşdı. 2016-cı ilin Aprel döyüşləri xalqın öz ordusuna olan inamını alovlandırdı, daxilimizdəki ləyaqət hissini yenidən oyatdı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi sadəcə bir torpaq azad etmə əməliyyatı deyil, bütöv bir millətin şərəf bərpası savaşı idi.Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdi. Ermənistanın 30 il ərzində qurduğu “keçilməz” istehkamlar, “məğlubedilməz ordu” mifləri rəşadətli əsgərlərimizin iradəsi qarşısında darmadağın oldu.

Şərəf simvolu olan Şuşa əməliyyatı- Azərbaycan Xüsusi Təyinatlılarının, əsgər və zabitlərinin yüngül silahlarla sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşlə Şuşanı azad etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu, ordumuzun həm fiziki, həm də mənəvi baxımdan nə qədər uca və ləyaqətli olduğunun sübutu idi.

Noyabrın 8-də qazanılan tarixi Zəfər, ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ilə suverenliyimizin tam bərpası Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi ən böyük ləyaqət hədiyyəsi oldu. Ordumuz Xankəndidə, Xocalıda bayrağımızı ucaltmaqla xalqımızın başını dik, alnını açıq etdi.

Müharibə və antiterror tədbirləri zamanı Azərbaycan əsgəri mülki əhaliyə, qocalara və uşaqlara heç bir zərər vurmadı. Düşmən tərəfindən törədilən Xocalı kimi qətliamlara rəğmən, ordumuz qisasını dinc sakinlərdən deyil, yalnız döyüş meydanında işğalçılardan aldı. Bu, Azərbaycan Ordusunun yüksək əxlaqının və ləyaqətinin göstəricisidir.

Vətən naminə canını fəda etməyə hazır olan minlərlə gəncin hərbi komissarlıqlar qarşısında növbəyə dayanması, yaralansa da döyüş meydanını tərk etməyən qazilərimizin şücaəti bu ordunun mənəvi gücünü nümayiş etdirdi.

Müharibə dövründə xalqın ordusuna göstərdiyi dəstək, “Dəmir Yumruq” ətrafında birləşməsi ordunu bir ailəyə çevirdi. Ordu xalqın namusunu qorudu, xalq isə ordusuna arxa-dayaq oldu.

Bu gün Azərbaycan Ordusu qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin modelinə uyğun olaraq daha da modernləşdirilir. Yeni yaradılan Komando briqadaları, azad edilmiş ərazilərdə qurulan müasir hərbi infrastruktur ordumuzun gücünə güc qatır.

Azərbaycan Silahlı Qüvvələri indi regionda sülhün, sabitliyin və təhlükəsizliyin ən böyük qarantıdır. O, sadəcə sərhədlərimizi qorumur, həm də gələcək nəsillərə vətənpərvərlik, mərdlik və fədakarlıq dərsi keçir.

Azərbaycan Ordusu bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. O, 30 illik həsrətə son qoyaraq millətin tapdanmış qürurunu özünə qaytaran, xalqın şərəf və ləyaqətini göylərə ucaldan müqəddəs bir qüvvədir.

Bu gün hər bir Azərbaycan vətəndaşı küçədə, meydanda, sərhəddə öz əsgərini görəndə daxili bir qürur və təhlükəsizlik hissi yaşayır. Bizə bu şərəfli günü yaşadan, ləyaqətimizi qoruyan şəhidlərimizin ruhu qarşısında baş əyir, müzəffər ordumuzla fəxr edirik! Azərbaycan Əsgərinin şərəfli addımları hər zaman sarsılmaz, qələbəsi daimi olsun!

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button