Dünyanın güclü və nüfuzlu dövlətləri, eləcə də təşkilatları ilə etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsinə önəm verir. Mövcud əlaqələr strateji əhəmiyyət kəsb etməklə yanaşı, müxtəlif sahələri də əhatə edir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri quran Azərbaycan həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində nüfuz və mövqeyini gücləndirir. Yaranmış vəziyyət dövlətimizin imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Dünyanın nüfuzlu təşkilatı olan Qoşulmama Hərəkatı, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlarla münasibətlərin yüksək səviyyədə qurulmasına nail olan Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə də səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə nail olub. Ərazisinə, həmçinin həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub və müasir dövrümüzdə ŞƏT-in üzv dövlətlərinin rəhbərləri ilə Azərbaycan arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər qurulub. Şübhəsiz ki, ölkəmizin beynəlxalq arenadakı mövqeyi, artan iqtisadi gücü, təhlükəsiz sabit ölkə olması dünya dövlətlərinin Azərbaycana olan marağını daha da artırıb. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə haqq səsinin ucaldılması, mövqeyini sərgiləməsi baxımından mühüm platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində ikinci dəfə iştirakı dünyadakı mövqeyinin, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasına əsaslanır. Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə dövlətimizin başçısı çıxışında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil etdiyini diqqətə çatdırıb. Dövlət başçımızın çıxışında verdiyi mesajlar reallaşan layihələrin irimiqyaslı və şaxəli olduğunu bir daha göstərmiş oldu. “Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb”, – deyən Prezident tərəfdaşlarımız olan dövlətlərlə Orta Dəhlizin rəqəmsallaşması üzərində işlədiyimizi bildirib. Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətimizi iştirakçıların diqqətinə çatdırıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regionda mühüm tranzit qovşağına çevrilməsinə şərait yaradıb. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq logistik mərkəz kimi rolunu daha da artırır. Bu, Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə ticarət və iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan ŞƏT çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə ticarət və iqtisadi əlaqələrini inkişaf etdirir. Dövlət başçımızın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regionda mühüm tranzit qovşağına çevrilməsinə yollar açıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq logistik mərkəz kimi rolunu daha da artırır və ölkəmizin ŞƏT-ə üzv dövlətlərlə əməkdaşlığında vacib sahəsini təşkil edir. Dövlət başçısının sözlərinə görə, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra yeni reallıqlar yaratmış Azərbaycan dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a ev sahibliyi etməyə hazırlaşır. “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik”, – deyə Prezident çıxışında bildirib.
“ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyevin iştirakı və çıxışı ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətlidir. Əlbəttə ki, bu ölkəmizin xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının göstəricisidir.
Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini