Analitika

Azərbaycan – Rusiya münasibətləri gün keçdikcə müxtəlif sahələr üzrə inkişaf etməyə davam edir

Azərbaycan-Rusiya əlaqələrinin tarixinə nəzər salınsa  görülər  ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu. 2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha vacib vəzifələr  irəli sürməyə başladı.İki ölkə arasında bu günə kimi 150-dək hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya, maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması sahələrini əhatə edir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdəki qarşılıqlı fəaliyyətimiz  haqqında Bəyannamə çərçivəsində işləyirik. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub”  beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir.

Hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında dövlət başçılarının siyasi iradəsi böyük rol oynayır. Qarşılıqlı həyata keçirilən səfərlər, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr, hər iki dövlətin inkişafı üçün mühüm rol oynayan sənədlər bu münasibətlərin təməlində dayanır.Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Son illər ərzində birgə səylər nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfin xeyrinə olan həll yolları tapılıb. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Atılan addımlar və həyata keçirilən tədbirlər nəticəsində hər iki ölkə bu gün regionda sülh və sabitlik içində qarşılıqlı münasibətlərini davam etdirir və regionun aparıcı dövlətləri siyahısında özünəxas yer tutur.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button