AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Konstitusiyası – xalqın iradəsinin ifadəsi, dövlətimizin əsas qanunu və gələcəyə inamın rəmzidir

Hər bir müstəqil dövlətin mövcudluğunu və idarəçilik sistemini müəyyən edən ən ali hüquqi sənəd onun Konstitusiyasıdır. Konstitusiya xalqın iradəsini, hüquqlarını və dövlətin əsas prinsiplərini özündə əks etdirən müqəddəs sənəddir. Azərbaycan xalqı üçün də 12 noyabr – Konstitusiya Günü dövlətçilik tariximizin ən əlamətdar günlərindən biridir.

Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Bu hadisə müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını möhkəmləndirmiş, insan hüquq və azadlıqlarının təminatına zəmin yaratmışdır.

Bu mühüm tarixi hadisə Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və dövlət quruculuğu sahəsindəki qətiyyətli fəaliyyətinin nəticəsi idi. Heydər Əliyev Azərbaycanı ağır və mürəkkəb bir dövrdə hüquqi, siyasi və iqtisadi sabitlik yoluna çıxardı. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası xalqın iradəsinə əsaslanaraq, müstəqil dövlətin demokratik, hüquqi və dünyəvi əsaslarını müəyyən etdi.

Konstitusiyamızda insan hüquq və azadlıqlarının toxunulmazlığı, qanun qarşısında bərabərlik, hakimiyyət bölgüsü, dövlət suverenliyi və vətəndaş cəmiyyətinin prinsipləri öz əksini tapmışdır. Bu sənəd ölkəmizin inkişafının hüquqi dayağına çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan Konstitusiyası müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilmiş, vətəndaş rifahını və dövlətin demokratik inkişafını təmin edən islahatlar həyata keçirilmişdir.

Prezident İlham Əliyevin siyasəti nəticəsində Konstitusiyada əks olunan dövlət müstəqilliyi prinsipləri daha da güclənmiş, Azərbaycanın beynəlxalq nüfuzu artmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə Vətən müharibəsində əldə edilən tarixi Qələbə Konstitusiyamızda təsbit edilmiş dövlətin ərazi bütövlüyü prinsipinin real təcəssümünə çevrildi.

Bu gün Azərbaycan dövləti Heydər Əliyev ideyaları və İlham Əliyev siyasətinin vəhdəti sayəsində inkişaf və sabitlik yolunda inamla irəliləyir. 12 noyabr – Konstitusiya Günü xalqımız üçün təkcə bir hüquqi sənədin qəbul tarixi deyil, həm də dövlətçiliyimizin gücünü, milli birliyimizi və azad iradəmizi simvolizə edən bayramdır.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button