Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 10 mart 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin tövsiyə olunmuşdur. Ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” 22 aprel 2005-ci il tarixli Qanunu ilə təsis edilmişdir. Təsis edildiyi vaxt “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olmuşdur. Həmin Qanunda 3 fevral 2014-cü il tarixli Qanunla dəyişikliklər edilmiş və ordenə döş nişanı da əlavə edilmişdir.
“Heydər Əliyev” ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə “HEYDƏR ƏLİYEV” sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir.
“Heydər Əliyev” ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Bu qadınlar Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində xidmətlərinə görə Mehriban Əliyeva və Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Zeynəb Xanlarovadır.. “Heydər Əliyev” ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi. Ordenlə təltif edilənlərin arasında Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafında xidmətlərinə görə Mstislav Rostropoviç, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə rəssam Tahir Salahov, Küveyt Dövləti ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Arif Məlikov, Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan, rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə və d. adlarını qeyd etmək olar.
“Heydər Əliyev” ordeninin təsis edilməsi ilə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çoxillik zəngin siyasi fəaliyyəti xalqımızın dövlətçilik tarixində oynadığı müstəsna rolu bir daha vurğulanaraq yaddaşlarda əbədi həkk olunur!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi