
21 oktyabr 2025-ci il tarixində Astana şəhərində, iki qardaş ölkə – Azərbaycan və Qazaxıstan arasında keçirilmiş bir neçə yüksək səviyyəli görüş və sənəd mübadiləsi, münasibətlərin yeni səviyyəyə qaldırılması istiqamətində mühüm addım kimi diqqət çəkir. Həmin gün keçirilmiş əsas hadisələrdən biri – ikitərəfli siyasi platforma olan AzərbaycanQazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasıdır. Eyni zamanda, dövlət başçılarının mətbuata birgə bəyanatı da verilmişdir. Azərbaycan və Qazaxıstan arasında münasibətlər qardaşlıq, ortaq köklər, milli-mədəni yaxınlıq kimi tez-tez vurğulanır. Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev çıxışında bildirmişdir ki:
“Azərbaycan xüsusi ölkədir, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər və zəngin mənəvi-mədəni irs, uyğun mentalitet, hadisələrə baxış-dərk birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk.”
Bu cür ifadələr göstərir ki, bu münasibətlər təkcə iqtisadi maraqlara deyil, həm də mədəni-mənəvi, identiklik səviyyəsinə dayanır.
Bundan başqa, bu görüş Qazaxıstan-Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi üçün əhəmiyyətlidir. İki dövlətin rəhbərləri vurğulayıblar ki, ikitərəfli gündəmdə artıq sadəcə əməkdaşlıq sözü kifayət etmir – yeni səviyyə, dərinləşmiş əməkdaşlıq, regionda liderlik kimi anlayışlar önə çıxır. Prezident İlham Əliyevin dediyi kimi:
“Bu gün ölkələrimizin fəal əməkdaşlığı həm də böyük geosiyasi əhəmiyyətə malikdir. Yeni nəqliyyat marşrutları açılır, layihələr həyata keçirilir, Qafqaz və Mərkəzi Asiya bir coğrafi məkanda daha çox birləşir.”
Beləliklə, görüş yalnız ikitərəfli deyil, regionu və onun qlobal inteqrasiyasını nəzərə alan perspektivlərlə keçir.
21 oktyabr 2025-ci il tarixi Azərbaycan-Qazaxıstan münasibətlərində mühüm dönmə nöqtəsi kimi çıxış edir.
Dövlət başçılarının birgə bəyanatı iki tərəfli əlaqələrin sadəcə yaxınlaşması deyil, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyətini nümayiş etdirir. Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi regionda yeni inteqrasiya proseslərinə töhfə verə bilər. Eyni zamanda, bu əməkdaşlıq yalnız iki ölkəni deyil, Avrasiya məkanını birləşdirən layihələrlə bağlıdır. Əlbəttə, bütün planlar və niyyətlər real nəticələrlə dəstəklənməli, hüquqi baza, investisiya mühiti, infrastruktur və sabitlik faktorları təmin edilməlidir. Bu baxımdan, Astanada verilmiş mesajlar xüsusi əhəmiyyət daşıyır.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



