
Azərbaycanın qonşu dövlətlərlə ikitərəfli əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verməsi, müasir tələblərə uyğun yeni istiqamətlərin təşviq edilməsi bugünkü reallıqlarda özünü aydın şəkildə göstərir. Xarici siyasətimizin əsas prioritetlərindən biri də qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsidir. Bu kontekstdə Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, bütün sahələrdə uğurla inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Bakıda keçirilən mətbuat konfransında iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıblar. Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadıqlarını qeyd edərək, bu ənənələrin bu gün də davam etdiyini bildirib. O, iki ölkə arasında siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini qeyd edib.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycanın Gürcüstana verdiyi dəstəyi yüksək qiymətləndirərək, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və Azərbaycanın Gürcüstanın inkişafında və dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib .
Hər iki lider enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin ölkələrinin və xalqlarının rifahına xidmət etdiyini və regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini xüsusi diqqətə çatdırıb və bu layihələrin Avropa qitəsi ilə əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar . Prezident İlham Əliyev həmçinin, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini və bu əməkdaşlığın strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib .
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin bu səfəri iki ölkə arasındakı strateji əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdi. Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı dinamikası, onların gələcəkdə daha da genişlənəcəyini və yeni sahələri əhatə edəcəyini göstərir. Prezidentin fikrincə, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə birgə səylər davam etdirilməlidir. Azərbaycan onun üçün dəyərli dost, etibarlı tərəfdaş və qardaş ölkədir.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi