Azərbaycan qarşıda duran vəzifələrin müzakirəsi baxımından COP29 üçün unikal məkandır

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bir sıra vacib məqamlara toxunmuşdur. Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən COP29 barədə suallara aydınlıq gətirib”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağı qeyd olunub. Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb, iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq. Prezident İlham Əliyev bildirib ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.
Onun sözlərinə görə, bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaq kimi böyük təcrübəmiz var və Azərbaycan təkcə bu Hərəkata üzv olan 120 ölkə ilə deyil, Avropa İttifaqına üzv olan ölkələrlə də fəal şəkildə işləyir. Prezident İlham Əliyevin də dediyi kimi, ölkəmizin Avropa İttifaqına üzv olan doqquz dövlətlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Odur ki, Azərbaycan Platforması COP29 üçün həqiqətən də qarşıda duran vəzifələrin müzakirəsi baxımından unikal məkandır.