GündəmAnalitika

Azərbaycan qadınının cəmiyyətdə rolu və dövlət qayğısı

Hər il martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu əlamətdar gün qadınların cəmiyyətdə rolunun, onların hüquq və azadlıqlarının, həmçinin ictimai-siyasi, sosial və mədəni həyatda xidmətlərinin yüksək qiymətləndirildiyi xüsusi bir gündür. Azərbaycan cəmiyyətində qadına hörmət, ona verilən yüksək dəyər xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. Azərbaycan qadını tarix boyu ailənin dayağı, cəmiyyətin inkişafına töhfə verən mühüm bir qüvvə kimi tanınıb.

   Azərbaycan qadınları yalnız ailə institutunun qoruyucusu deyil, eyni zamanda dövlət quruculuğunda, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük uğurlara imza atan fəal vətəndaşlardır. Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları cəsarətləri, müdriklikləri və zəhmətləri ilə cəmiyyətin inkişafında mühüm rol oynayıblar.

   Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan qadınlarının hüquqlarının qorunması və onların cəmiyyət həyatında fəal iştirakının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan qadınlarına böyük hörmət və ehtiramla yanaşmış, onların dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və müxtəlif sahələrdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Onun rəhbərliyi dövründə qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması və qadınların dövlət strukturlarında təmsilçiliyinin artırılması istiqamətində mühüm addımlar atılmışdır.

    Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycan qadını tarix boyu öz yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş, cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Onun təşəbbüsü ilə qadın siyasətinin institusional əsasları yaradılmış, qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil və əmək hüquqlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Bu siyasət nəticəsində Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə və digər məsul vəzifələrdə daha fəal şəkildə təmsil olunmağa başlamışdır.

   Bu gün Heydər Əliyevin müəyyən etdiyi qadın siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun gücləndirilməsi və sosial rifahının artırılması istiqamətində mühüm proqramlar həyata keçirilir. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti də qadınların ictimai həyatdakı rolunun daha da güclənməsinə mühüm töhfə verir.

   Müasir Azərbaycan qadını həm ailə dəyərlərini qoruyur, həm də ölkənin inkişafına fəal şəkildə töhfə verir. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan qadınlarının göstərdiyi fədakarlıq, şəhid analarının və şəhid xanımlarının nümayiş etdirdiyi səbir və qürur xalqımızın mənəvi gücünün göstəricisidir.

   Azərbaycan qadını hər zaman milli-mənəvi dəyərlərin qoruyucusu, ailənin dayağı və cəmiyyətin inkişafına töhfə verən güclü bir qüvvə kimi çıxış edir. Bu baxımdan 8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız bayram deyil, həm də qadınların cəmiyyətdə roluna verilən yüksək qiymətin ifadəsidir.

   Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan qadınlarını, xüsusilə şəhid analarını, şəhid bacılarını və Vətənə layiqli övladlar yetişdirən anaları səmimi təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və firavan həyat arzulayıram. Azərbaycan qadını hər zaman dövlətimizin və cəmiyyətimizin inkişafında mühüm rol oynamağa davam edəcək.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi — Əli Paşayev

Oxşar Xəbərlər

Back to top button