Analitika

Azərbaycan-Pakistan münasibətləri

Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir.Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb.

Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Yeri gəlmişkən, qeyd edək ki, sentyabrın 27-dən etibarən Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş verən gərginlik fonunda Pakistan yenə də birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Məlum olduğu kimi, sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Səfir Bilal Haye dövlətimizin başçısı ilə söhbət zamanı deyib ki, qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir: “Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistana qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram”.

Səfir isə qeyd edib ki, Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləyib. Bizim qəlbimiz Azərbaycan xalqı ilədir: “Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir. Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”.

Onu da vurğulayaq ki, cəbhədə vəziyyətin gərginləşdiyi gün – sentyabrın 27-də Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yayıb. Pakistan Xarici İşlər Nazirliyinin həmin bəyanatında deyilir: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutulmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

Onu da qeyd edək iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini ifadə edən müxtəlif səpkili tədbirlər də keçirilir. Belə ki, oktyabrın 14-də Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə bu ilin may-iyun aylarında keçirilən, ölkəmizin Respublika Gününə həsr olunan “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub. Tədbirdə Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Fouzia Səid, bu ölkənin ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, müsabiqə iştirakçıları və səfirliyin əməkdaşları iştirak ediblər.

Azərbaycanın Pakistandakı səfir Əli Əlizadə Azərbaycan-Pakistan dostluğu haqqında fikirlərini bölüşüb, müsabiqənin keçirilməsində məqsədin Pakistan gənclərinə hər iki qardaş ölkənin bir-birinə bağlılığını, dini, mədəni-irsi oxşarlığını aşılamaq, xalqlar arasındakı münasibətləri möhkəmləndirmək, gənclərin istedadlarını təşviq etmək və onlarla əməkdaşlığı gücləndirmək olduğunu bildirib. Ə.Əlizadə 18 oktyabr – Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ərəfəsində keçirilən bu mərasimin hər iki ölkə gənclərinin möhkəm birliyinə bir stimul olduğunu qeyd edərək müsabiqənin qaliblərini və iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.

Nahidə Cavadzadə,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button