Analitika

Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixi var

Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir.  Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib.  Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən  BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də  əməkdaşlığımızın böyük potensialı var. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan  ilk dəfə olaraq keçirilən  “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimini qeyd edə bilərik.  Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç Qardaş – 2021” beynəlxalq təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi.  Bu kimi  mühüm addımlar  dostluq və qardaşlığın növbəti təzahürü olaraq Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının hörmət və etimada söykəndiyini təsdiq edir.Dünya 2021-ci ildə  Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi olan   Şuşa Bəyannaməsinin ardınca Azərbaycan-Türkiyə-Pakistan birliyinin təcəssümü olan Bakı Bəyannaməsindən bəhs etdi. Ölkəmizdə üç dost ölkənin parlament sədrlərinin  toplantılarının keçirilməsi və sonda bir sıra çağırışları, dünyaya mesajları, perspektivləri ehtiva edən Bakı Bəyannaməsinin imzalanması Vətən müharibəsindən sonra yaranan reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar sırasında oldu.  Cənubi Qafqazda möhtəşəm siyasi, iqtisadi, hərbi  gücü formalaşdıran, Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsinə yönələn   Şuşa Bəyannaməsindən sonra Bakı  Bəyannaməsinin imzalanması etibarlı güc mərkəzinin formalaşdırılmasıdır. İslam həmrəyliyinin ifadəsi olan bu birlik regionda gedən proseslərə təsiri baxımından da  əhəmiyyətlidir. Bakı Bəyannaməsi ölkələr arasındakı  diplomatik əməkdaşlıq, Azərbaycanın mövqeyinin daha etibarlı müdafiəsi baxımından bu gün daha vacibdir. Vətən müharibəsi başa çatsa da, regionda maraqlarını itirməkdən qorxan bəzi dövlətlər hələ də  «münaqişə» sözünü işlətməkdə davam edirlər. Azərbaycanın tam Qələbəsi, Ermənistanın sülh sazişini imzalaması baxımından bu birlik zamanın tələbindən yaranan zərurətdir. Bu gün daha aktual olan  Zəngəzur dəhlizi ilə bağlı hər üç dövlətin  maraqlarının eynilik təşkil etməsi baxımından da  Şuşa və Bakı Bəyannamələrini  üç qalib dövlətin  Zəfər salnaməsi  adlandırmaq da olar. Hər iki Bəyannamə Ermənistanın gələcəyini düşünməyib öz maraqları naminə işğalçıya həlli mümkün olmayan vədlər verənlərin də  qarşısında  keçilməz səddir.  Dünyada hələ də mövcud olan, geosiyasi maraqlarını gerçəkləşdirmək istəyən dairələrin ideoloji silah kimi sadiq qaldıqları ikili standartlara, təxribatlara qarşı mübarizə silahı bu  «üçlüyün» sarsılmaz  birliyi, gücü, qüdrəti olacaq.  Pakistanın Baş naziri   Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirilən təkbətək və geniş  tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda  münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırıldı. Mətbuata bəyanatlarında «Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edib ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır.Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Bildirildi ki, artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.Tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurları  biri-birini əvəzləyir. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button