AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Özbəkistan münasibətlərində müttəfiqlik mərhələsi: ortaq dəyərlərdən strateji gələcəyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi son müsahibə iki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsini, qarşılıqlı əməkdaşlığın genişlənən istiqamətlərini və gələcək perspektivləri əhatə edən mühüm siyasi mesajlarla zəngin olub. Müsahibədə Azərbaycan–Özbəkistan əlaqələrinin yalnız dövlətlərarası münasibətlər çərçivəsində deyil, xalqların ortaq tarixi, mədəniyyəti, dili, mənəvi dəyərləri və qarşılıqlı həmrəyliyi üzərində formalaşdığı xüsusi vurğulanıb. Prezident İlham Əliyev Özbəkistanın son illərdə əldə etdiyi sosial-iqtisadi inkişafı, müasir infrastrukturun yaradılmasını, iqtisadiyyatın şaxələndirilməsini, elm, təhsil, mədəniyyət və idmana göstərilən diqqəti yüksək qiymətləndirib. Eyni zamanda, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinin Azərbaycan tərəfindən böyük rəğbətlə qarşılandığı qeyd edilib. Bu yanaşma bir daha göstərir ki, Bakı ilə Daşkənd arasında siyasi münasibətlər qarşılıqlı hörmət, etimad və uzunmüddətli strateji maraqlar üzərində qurulub.

Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin əsas göstəricilərindən biri əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasıdır. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış sənədlər, xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində qəbul edilən qərarlar ikitərəfli əməkdaşlığın hüquqi-siyasi bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır. İqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, mədəniyyət, media, turizm, idman və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsi iki ölkə arasında əlaqələrin çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi, Bakıda “Özbəkistan” parkının yaradılması təşəbbüsü, Heydər Əliyev adına məkanların Özbəkistanda mövcudluğu kimi layihələr dövlətlərarası münasibətlərin xalqların yaddaşında və gündəlik həyatında öz real ifadəsini tapdığını göstərən mühüm nümunələrdir.

Müsahibədə diqqət çəkən mühüm istiqamətlərdən biri Azərbaycan ilə Özbəkistanın regional və beynəlxalq platformalarda artan əməkdaşlığıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkənin Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi regional həmrəyliyin güclənməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin son dövrdə sürətlə inkişaf etməsi isə Xəzər dənizinin iki region arasında mühüm birləşdirici məkan kimi rolunu daha da artırır. Bu baxımdan Bakı ilə Daşkənd arasındakı əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Türk dünyasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın mühüm elementlərindən birinə çevrilir. Media forumlarının, QHT platformalarının, təhsil mübadilələrinin və şəhərlərarası tərəfdaşlıqların genişlənməsi də bu prosesin cəmiyyətlərarası müstəviyə keçdiyini göstərir. Xüsusilə Naxçıvanla Özbəkistanın Ürgənc şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılmasının planlaşdırılması gələcəkdə regionlararası əlaqələrin daha da genişləndirilməsi baxımından diqqətəlayiq addım kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi dostluq əlaqələrindən daha geniş məzmun kəsb etdiyini və uzunmüddətli strateji perspektivə malik olduğunu göstərir. Qarşılıqlı səfərlərin intensivliyi, siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi, xalqlar arasında təmasların artması və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək iki ölkənin münasibətlərinin dayanıqlı əsaslar üzərində inkişaf etdiyini təsdiqləyir. Qarşıdan gələn dövlət səfəri və Özbəkistanın dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin çatdırdığı təbrik və xoş arzular da Azərbaycan rəhbərliyinin qardaş Özbəkistan xalqına münasibətinin səmimiliyini nümayiş etdirir. Bu münasibətlərin gələcək mərhələdə yeni layihələrlə, daha sıx iqtisadi əməkdaşlıqla, humanitar əlaqələrin genişləndirilməsi və Türk dünyasının ümumi inkişaf gündəliyinə verilən töhfələrlə zənginləşməsi gözlənilir. Azərbaycan və Özbəkistanın formalaşdırdığı etibarlı tərəfdaşlıq modeli göstərir ki, ortaq tarixi və mənəvi dəyərlər üzərində qurulan siyasi iradə müasir geosiyasi reallıqlar şəraitində davamlı və çoxşaxəli strateji əməkdaşlığa çevrilə bilər.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button