
Azərbaycanın bütün dünya ölkələri ilə olduğu kimi, Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə də siyasi,iqtisadi,diplomatik münasibətləri ildən-ilə daha da möhkəmlənir.Bu dövlətlər içərisində dil,soy-kök,mədəniyyət olaraq bizə doğma olan Özbəkistanla münasibətlərin özünəməxsus yeri var.İki qardaş ölkə arasında son illər genişlənən əməkdaşlıq, müttəfiqlik, strateji tərəfdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına, birgə layihələrin artmasına əlverişli şərait yaradır.
2025-ci ilin 13 noyabr tarixində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji mahiyyətini və qardaşlıq zəminində inkişaf edən çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə göstərdi. Dövlət başçısı müsahibəsində siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, nəqliyyat-kommunikasiya layihələrindən mədəni-humanitar əlaqələrə qədər bütün sahələrdə əldə edilmiş nəticələri dəyərləndirdi.
Prezident İlham Əliyev yaxın günlərdə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edəcəyini bildirib və xatırladıb ki, bu, onun tədbirdə sayca üçüncü iştirakı olacaq. O, ilk dəvəti 2023-cü ildə Düşənbədə keçirilən görüşə aldığını, növbəti dəfə 2024-cü ildə Astanadakı toplantıda iştirak etdiyini, qarşıdakı görüşün isə Daşkənddə keçirilməsinin gözlənildiyini vurğulayıb.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsindədir. Dövlət başçımız Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə arasında yaranmış şəxsi dostluğun və qarşılıqlı etimadın münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd edib.
Dövlətimizin başçısı vurğulayıb ki, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə yüksəldən əhəmiyyətli sənədlərdir. Bu sənədlər qısa müddətdə görülən böyük işlərin və tərəfdaşlığın dərinləşməsinin göstəricisidir.
Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur. Bu gün ölkəmizdə təxminən 120 Özbəkistan investisiyalı şirkət fəaliyyət göstərir və sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurlu layihələr həyata keçirir. Belə ki, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm ötən illə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara yüksəlib.
Dövlətlərimiz arasında sərmayə əməkdaşlığı da güclənməkdədir. Özbəkistanın Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayə 21,8 milyon dollar, Azərbaycanın isə Özbəkistan iqtisadiyyatına sərmayələri 183,5 milyon dollar təşkil edir. 2023-cü ildə 500 milyon dollarlıq ümumi kapitala malik Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması çox mühüm addımdır.
Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş ticarət donanması və doqquz beynəlxalq hava limanı – ölkənin regional və qlobal nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Bununla belə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya üçün yeni imkanlar yaradacaq.
Prezident İlham Əliyev mədəni-humanitar əlaqələrin xalqları birləşdirən ən mühüm sahələrdən biri olduğunu vurğulayıb. 2023-cü ildə keçirilmiş Özbəkistan Mədəniyyəti Günləri, o cümlədən, 2024-cü ildə Azərbaycanda təşkil olunan Özbəkistan Elm və Mədəniyyət Günləri, Xivədə “Şuşa Günləri” kimi tədbirlər xalqlarımız arasındakı mənəvi yaxınlığın təzahürüdür.
Beləliklə, Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə Azərbaycan–Özbəkistan əməkdaşlığının keçmişi, bu günü və gələcəyi haqqında dərin və sistemli baxışı əks etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı etimada, sarsılmaz dostluğa və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da möhkəmlənəcəyini göstərir. Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycan və Özbəkistanın ortaq tarixə, dəyərlərə və məqsədlərə söykənən müttəfiqliyinin regional sabitliyə, inkişaf və tərəqqiyə xidmət etdiyini bir daha nümayiş etdirdi.
Şübhəsiz ki, Daşkənddə keçiriləcək 7-ci Məşvərət Görüşü qardaş xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın daha da inkişafına yeni yollar açacaq.
Kərimova Aygül,
Xəzər rayonu 262 saylı tam orta məktəbin tarix müəllimi



