
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşü keçiriləcəkdir. Mərkəzi Asiya ölkələrinin lideri – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirak edəcəyi toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub. Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi fonunda Prezident İlham Əliyevin toplantıya dəvəti regionda Azərbaycanın artan rolunun göstəricisidir.Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevi qeyd etdiyi kimi: “Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır”. Son bir neçə ildə Mərkəzi Asiya dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və AZərbaycan Prezidenti cənab İlham Əliyev də qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Bu səfərlər və ölkə başçılarının görüşləri Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.
Əyyub Əliyev
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



