AnalitikaGündəm

Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Bu gün “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 2  il ötür. Düz 2 il əvvəl bütün dünya Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin daha bir şanlı və qürurverici səhifəsinə – zirvə hadisələrindən olan Zəfər paradının keçirilməsinə şahidlik etdi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə ortaya qoydu. Yeri gəlmişkən, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Beləliklə, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi ilə Azərbaycanın şanlı qələbəsi əzəmətli və təntənəli şəkildə təqdim olundu.Möhtəşəm Qələbə, yaxud Azərbaycan öz gücünü bütün dünyaya göstərdi.Azərbaycan Prezidenti Vətən müharibəsinə qədər münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmişdi: “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq”. Prezident İlham Əliyev ölkəmizin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulamışdı. Ermənistan isə bu müddət ərzində sadəcə olaraq status-kvonu qoruyub saxlamağa, işğalçı siyasətini davam etdirməyə çalışdı. Bu ölkənin hərbi-siyasi rəhbərliyi müxtəlif formalarda münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirdi, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar etdi. Beləliklə, Ermənistan həm hərbi, həm də diplomatik-siyasi müstəvidə təxribatlar etməklə danışıqlar prosesini faktiki olaraq pozdu. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycanın kəndlərinə hücumlara başlamaqla növbəti təxribatlar törətməsi Azərbaycan dövlətinin və xalqının səbrinin tükənməsinə səbəb oldu. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alan Azərbaycan əks-hücum əməliyyatına başladı, öz ərazilərini işğaldan azad etmək üçün Zəfər yürüşünə start verdi. Beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Beləliklə, Azərbaycan işğal faktı ilə barışmadı və öz milli gücü, hərbi-siyasi resursları ilə məsələni həll etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev paradda çıxışı zamanı deyib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə dalğalandırılan üçrəngli bayrağımız gətirilməsi, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisə oldu.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button