Azərbaycan ordusunun həm maddi-texniki bazası, həm də döyüş ruhu hər zaman ən yüksək səviyyədədir
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər vahid nizami Silahlı Qüvvələrin yaradılması və daha da möhkəmlənməsi, ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər həyata keçirdi. Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı baş verən mənfi proseslərdən xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Dahi şəxsiyyətin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci il avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 2002-ci il avqustun 17-də Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradıldı, “Silahlı Qüvvələr haqqında“, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və bunun kimi digər əhəmiyyətli qanunlar qəbul edildi. Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusunun mənəvi-psixoloji döyüş ruhu, sosial ictimai texniki-təchizatı, silah-sursatı peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anlayaraq süquta uğradı. Cənab prezidentin də qeyd etdiyi kimi bütün hərbi hissələr, şəhərciklər, bazalar faktiki olaraq yenidən qurulub. Artıq hərbi hissələrin 90 faizində tikinti-bərpa və ya yenidənqurma işləri tamamlanıb. Bu cənab prezidentin, Ali baş komandanın öz ordusuna, əsgərinə göstərdiyi qayğının təzahürüdür. Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Yaşasın Azərbaycan !
Yaşasın Azərbaycan ordusu !
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı