Analitika

Azərbaycan Ordusunu müstəqil dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button