Analitika

Azərbaycan ordusu öz gücünə görə regionun ən güclü orduları sırasındadır

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan kəşməkəşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Bu tarixi başlanğıcın əsası torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən babalarımızın müqəddəs qanı ilə qoyulmuşdur. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz bu gün Azərbaycanı istənilən təcavüzdən qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar. Bizim ordumuzun yaranması və müasir tələblər səviyyəsində formalaşması ağır, mürəkkəb və keşməkeşli yollardan keçmişdir. Erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğalına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın həyatının bütün sahələrində olduğu kimi ordu quruculuğu da planlı surətdə həyata keçirilməyə başladı. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, Silahlı Qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Dağlıq Qarabağ müharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Heydər Əliyevin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri elə yerindəcə mükafatlandırması şəxsi heyətə yeni ruh, yeni qüvvə verirdi. Ulu öndərin fəaliyyəti nəticəsində güclü Azərbaycan ordusu yaradılmağa başlandı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu istiqamətdə apardığı iş müsbət nəticə verməkdədir və ölkəmizə daha da yeni uğurlar qazandıracaq.

Ulu Öndərimiz vaxtilə demişdi: “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”. Ulu Öndərin bu arzusu onun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yerinə yetirildi. Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir. Azərbaycan xalqı olaraq qürur duyuruq ki, güclü və qüdrətli Ordumuz var. Bu ordu hər zaman dövlətimizin və xalqımızın təhlükəsizliyinin keşiyindədir.

Rəna Süleymanlı,
Yap-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button