AnalitikaGündəmSiyasət

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifidir. Bəzi aparıcı Qərb mətbu orqanlarında və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Vətən müharibəsi zamanı bizim qarşımızda, hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Ölkənin hərbi qüdrətini artırmış uğurlu ordu quruculuğu Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Müasir dövrdə Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur.

Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir. Məhz milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. Hərbi quruculuq işi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir.

Bu səbəbdən də Prezident İlham Əliyev çıxışlarında həmişə qürurla Azərbaycan Ordusunun nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasında olduğunu bildirir. Azərbaycan gücləndikcə ordumuz da güclənəcək. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.

Orxan Abdulzadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button