AnalitikaGündəmSiyasət

Azərbaycan Ordusu ədaləti bərpa etdi, miflər darmadağın oldu

Rəsmi İrəvanın illərlə yürüdüyü işğalçı siyasət və tarixi saxtakarlıqlara əsaslanan mövqeyi Cənubi Qafqazda sülh və sabitliyi pozaraq yeni müharibəni qaçılmaz etmişdir. Ermənistan uzun müddət beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə dair qətnamələrini kobud şəkildə pozaraq, sülhə məhəl qoymamışdır. Bununla yanaşı, işğal siyasətini pərdələmək üçün müxtəlif yalanlara, saxta tarixə və təhrif olunmuş məlumatlara istinad etmiş, guya “öz müqəddəratını təyinetmə” prinsipi adı altında Azərbaycan torpaqlarında qeyri-qanuni rejim yaratmağa çalışmışdır.

Ermənistan rəhbərliyi, işğal faktını danmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə həmişə manipulyasiyalara əl atmış, saxta faktlarla çıxış etmişdir. Halbuki, tarixi həqiqətlər, beynəlxalq sənədlər və regiondakı real vəziyyət açıq şəkildə göstərirdi ki, Ermənistanın Azərbaycan ərazilərindəki fəaliyyəti işğaldan başqa bir şey deyil. Bu siyasət nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlər viran qoyulmuş, maddi-mədəni irsimiz dağıdılmışdır.

Sülhün bərqərar olması üçün Ermənistanın əsas şərti işğal etdiyi torpaqlardan çıxması idi. Lakin rəsmi İrəvan danışıqları uzatmaq, status-kvonu saxlamaq üçün müxtəlif bəhanələr gətirirdi. Bu isə gərginliyi artırır, regionda davamlı münaqişə riskini gücləndirirdi. Ermənistanın məsuliyyətsiz və aqressiv davranışları, həmçinin saxta təbliğatı 2020-ci ilin payızında yeni müharibəni qaçılmaz etdi.

Azərbaycan Ordusu Vətən müharibəsində xalqın iradəsi və Ali Baş Komandanın qətiyyəti ilə torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bu, həm də rəsmi İrəvanın illərlə qurduğu yalançı miflərin darmadağın edilməsi idi. Azərbaycan qalib dövlət kimi regionda sülhün və əməkdaşlığın bərqərar olmasına tərəfdar olduğunu nümayiş etdirdi. Lakin aydındır ki, bundan sonrakı mərhələdə davamlı sülh yalnız Ermənistanın saxtakarlıq siyasətindən əl çəkməsi, qonşularla normal münasibətləri qəbul etməsi ilə mümkün olacaqdır.

YAP Xəzər rayon təşkilatının gənc fəalı
Nigar Cəlalova

Oxşar Xəbərlər

Back to top button