Analitika

Azərbaycan Neftçilərinin əməyinə verilmiş yüksək qiymət

Vətən müharibəsi günlərində Azərbaycan neftçiləri də dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, xalqla, ordu ilə birlıkdə olduqlarını bəyan edirdilər.

Bu çətin və həssas dövrdə Azərbaycan neftçiləri əmək növbəsində idilər. Koronavirus pandemiyasından qorunmağın şərtlərinə ciddi əməl etməklə onlar yerin təkindəki və dənizin dibindəki sərvətlərimizi üzə çıxarırdılar. Beləliklə, zəngin ənənələrini davam etdirir, ölkənin iqtisadi qüdrətini artırır, xalqımıza, döyüşən ordumuza dəstək olurdular.

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) baş ofisində keçirilən onlayn müşavirədə onlar ölkənin Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul etdilər. Müraciətdə bildirilirdi ki, neftçilər sırasından da könüllü olaraq ön cəbhəyə gedənlər var. Qalanları arxa cəbhədə Vətənin qüdrətini artırmaq uğrunda səylə çalışırlar. Bununla yanaşı, onlar da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, hər an intizarla əmr gözləyirlər: “Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə – ədalətin təntənəsinə töhfəmizi verməliyik”.

Neft Daşlarında, Çilov, Pirallahı adalarında, qurudakı mədənlərdə, Xəzərdəki çoxsaylı özül və platformalarda əmək növbələri davam edirdi. “Azəri-Çıraq-Günəşli”də (AÇG) neft və qaz hasilatı həmişəki kimi ahəngdar gedirdi. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin əvvəlindən noyabrın 1-dək bu yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 3 milyard 57 milyon dollar gəlir əldə edildiyi barədə məlumat verirdi.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təhlükəsiz işləyirdi. Gürcüstana və Türkiyəyə “Şahdəniz” yatağından ahəngdar şəkildə qaz ixrac olunurdu. Avropaya mavi yanacaq nəql edəcək kəmərin – TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) tikintisi də həmin dövrə təsadüf etdi.

Sahədə bir-birinin ardınca yeniliklər baş verirdi. Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi açılmışdı.

Dövlət bu çətin məqamlarda da əhalinin qayğılarını diqqət mərkəzində saxlayırdı. “Azəriqaz” İstehsalat Birliyi müharibənin davam etdiyi dövrdə təkcə bir həftə ərzində 700-dən çox fərdi yaşayış evinə qaz çəkilişini yekunlaşdırmış, onlar mavi yanacaqla təmin olunmşdu.

Birlik payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirmişdi. Belə yaşayış məntəqələrində bir-birinin ardınca qaz açılışları təmin edilirdi.

Bir həftədə Tovuz rayonunun Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilmişdi. Bundan başqa, Xəzər rayonu Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki “Albalılıq” və “Təmənis” adlandırılan ərazilərə düşən yeni massivdə 358, Sabunçu rayonu Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yeni massivdə 137 və Qaradağ rayonunda bir neçə yaşayış massivində bir qrup fərdi yaşayış evi təbii qaz almışdı. Eyni zamanda Göyçay rayonunun Ərəbşahverdi kəndində 68, Şıxlar kəndində 71 fərdi yaşayış evi qazla təmin edilmişdi.

Gəncə şəhərinin Şıxzamanlı və Cavadxan, Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrindəki yeni yaşayış massivlərində, Ağdaş rayonunun Şıxlı, Yenikənd, Aşağı Qobuüstü, Qobuüstü və Yuxarı Nemətabad, Şabran rayonunun Ceyranlı və Vələsli, Gədəbəy rayonunun Arıqıran və Əyrivəng, Siyəzən rayonunun Məşrif, Lerik rayonunun Bibiyani və Siyəreqon kəndlərində qazlaşma ilə bağlı işlər davam edirdi.

Neftçilər döyüşən ordunu, şəhid ailələrini və qaziləri də unutmurdular.

SOCAR-da Silahlı Qüvvələrə yardım kampaniyası təşkil olunmuşdu.

20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu bayramı Azərbaycan neftçisinə ulu öndər Heydər Əliyev bəxş edib, bu gün hər il təntənə ilə qeyd edilir. 20 sentyabr həm də “Əsrin müqaviləsi” adını almış möhtəşəm sazişin imzalandığı gündür.

1994-cü ilin həmin günündə Xəzərin Azərbaycan bölməsindəki “Azəri-Çıraq-Günəşli” yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması ümummilli liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. Məhz həmin günün neftçilərin bayramı kimi qeyd olunmasının özü də qanunauyğun bir haldır. Çünki “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, ulu öndərin uzaqgörən siyasətinin daha bir nəticəsi, Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsi idi.

Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: “1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaqdır. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir”.

16 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan bütün sərvətlərinin xalqa məxsus olduğunu, xalqın öz sərvətlərindən sərbəst şəkildə istifadə edə bildiyini sübut etdi. Ulu öndərin dediyi kimi: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir”.

Lakin istər sovet hakimiyyəti illərində, istərsə də ondan əvvəlki dövrdə Azərbaycan xalqı bu xoşbəxtlikdən – təbiətin ona bəxş etdiyi xəzinədən öz xeyri, öz mənafeyi naminə istifadə edə bilməmişdir. Hərçənd, Azərbaycanın ərazisi mühüm neftçıxarma rayonu kimi hələ qədim zamanlardan məşhurdur. Təsadüfi deyil ki, dünyada ilk neft quyusu məhz burada – Abşeron yarımadasında qazılıb, Aşağı Kür çökəkliyində, Xəzər dənizi akvatoriyasında, Abşeron və Bakı arxipelaqlarında neft, qaz və kondensat çıxarılıb.

Bibiheybət, Balaxanı, Binəqədi və Bakının digər ərazilərində elə neft yataqları var ki, onların yaşı onilliklərlə deyil, əsrlərlə ölçülür. Lakin təbiətin bu yerlərə böyük səxavətlə bəxş etdiyi yeraltı sərvət indi də tükənmək bilmir. Buradakı ən “qocaman” quyular da neft və qaz verir. Digər tərəfdən isə bu, zəngin təcrübəyə və böyük səriştəyə malik Azərbaycan neftçisinin hünəri, hər quyunun “naz”ının çəkilməsinin, zəruri geoloji-texniki tədbirlərin görülməsinin, müasir texnologiyalardan istifadə edilməsinin nəticəsidir.

Neftçi deyəndə bəzən yanlış olaraq yalnız quyudan neft hasil edən insanı nəzərdə tuturlar. Qazmaçı da, təmirçi də, operator da, geoloq da, geofizik də, bu sahədə çalışan inşaatçı da, rabitəçi də neftçidir, böyük neftçilər “ordu”sunun üzvüdür. Bu “ordu”nun gücü Xəzərin fırtınalı qoynundakı “Qara daşlar”ı fəth edəndə, sonradan da həmin yerdə dünyada analoqu olmayan dəniz şəhəri salanda özünü daha aydın göstərdi.

Fətəliyeva Günel,
Xəzər rayonu, 262-saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button