Analitika

Azərbaycan Milli Ordusu Müstəqil Azərbaycanın dövlətçiliyinin keşiyindədir

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaranmasının 95-ci ili tamam olacaq. Bu tarixin hamımız tərəfindən daha yaxşı öyrənilməsi çox gərəklidir. Şübhəsiz, hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. 1918-1920-ci illər dövrünün fəal iştirakçılarından biri olan Rəhim bəy Vəkilov “1920-ci il üçün Azərbaycan Respublikasının ünvan təqvimi. Bakı, 1919” nəşrində çap edilmiş “Azərbaycan Respublikasının yaranma tarixi” adlı əsərində o dövrdə baş verən gərgin siyasi hadisələrin xeyrimizə həll olunmasında milli ordumuz yaranandan sonra tədricən güclənməsinin mühüm təsirə malik olduğu vurğulanır: “…Sentyabrın 15-də türk və Azərbaycan qoşunları hücumla Bakı şəhərini aldıqdan sonra hökumət yubanmadan Gəncədən bura köçdü. Bu zaman dünya müharibəsi yeni mərhələyə girmişdi – Mərkəzi dövlətlərin qoşunları İngiltərə, Fransa, Birləşmiş Ştatlar, İtaliya və Belçikanın birləşmiş qüvvələrinin təzyiqi altında yavaş-yavaş, lakin dayanmadan geri çəkilməyə başlamışdılar. Şimali Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonun xalqların öz müqəddəratını təyin etməsi haqqında məşhur “14 bəndi”ni bəyan etməsindən sonra sülh haqqında söhbətlər daha tez-tez eşidilirdi. Nazirlər Şurasının sədri F.Xoyskinin və xarici işlər naziri Adil xan Ziyadxanın şəxsində Azərbaycan hökumətinin Vilsona göndərdiyi teleqram, onun bəyanatına parlaq cavab kimi səslənir… Bu teleqram noyabrın 10-da göndərilmişdi, noyabrın 11-də isə Qərbi Avropanın hərb meydanlarında ölüm saçan silahlar son dəfə gurlayaraq susdular…”

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrıayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.

Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

İstər səfərbərlik işindəki, istərsə də bütövlükdə ordu quruculuğundakı nöqsanların aradan qaldırılmasında kadrların tərbiyələndirilməsi, seçilməsi, yerləşdirilməsi Heydər Əliyevə görə böyük əhəmiyyət kəsb edən məsələlərdən biri idi. O, dəfələrlə hərbi hissələrə səfər etdi, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış oldu, əsgər və zabitlərin qayğıları ilə maraqlandı. Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı.

Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin müstəsna fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsizliyinin təmin edilməsində ölkənin xarici siyasətinin məzmunu böyük əhəmiyyət kəsb edir. Ona görə idi ki, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması,

Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması, Azərbaycana qarşı hərbi təcavüzün cilovlanması və Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında dəstəklənməsi üçün Heydər Əliyev yeni xarici siyasət formalaşdırdı. Əvvəlki dövrlərdən fərqli olaraq izlənilən yeni xarici siyasət xalqın və dövlətin mənafeyinə tabe etdirildi, əsassız birtərəfliliyə son qoyuldu, bölgədə maraqları kəsişən böyük dövlətlərin maraqlarının yaxınlaşdırılmasına cəhd göstərildi, Ermənistanın təcavüzkarlığı barədə müfəssəl məlumatlar ən yüksək kürsülərdən dünya ictimaiyyətinə çatdırıldı. Bunun nəticəsi idi ki, dünyanın böyük dövlətlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə dəstək əməli xarakter aldı.

Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir.

Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan əsaslı hərbi-iqtisadi islahatlar nəticəsində ordumuz Cənub Qafqazın ən güclü ordusudur. Bunu 2016-cı ilin Şanlı Aprel döyüşü və 2017-ci ilin uğurlu Naxçıvan əməliyyatları da sübut etdi.

Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində – 1971-ci ildə Azərbaycanda Cəmşid

Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Qırx dörd günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.

Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.

Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Xarici dövltətlərdən Azərbaycan ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir.

Bu gün Ermənistanda hərbi canilər Köçəryan və Sarkisyan “milli müqavimət hərəkatı” yaratdıqlarını bəyan ediblər. Hədəfləri Paşinyan hökumətini devirmək və Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını yenidən gündəmə gətirməkdən ibarətdir. Bu yerdə məşhur bir Azərbaycan zərb-məsəlini xatırlamamaq mümkün deyil: “Ac toyuq yuxusunda darı görər”. Belə revanşist və xəstə düşüncənin daşıyıcıları papaqlarını qarşılarına qoyub (əgər papaqları varsa) düşünsünlər və müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk Şurasının İstanbul Zirvə Görüşündə səsləndirdiyi xəbərdarlığı yaddan çıxarmasınlar: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gectez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”. Başqa sözlə, Tarixi Zəfərimizin simvolu olan “Dəmir Yumruq” yerindədir.

Abasov Həmid,
Xəzər rayonu, 181 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button