AnalitikaGündəmSiyasət

Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur

İlk sətri yazan zaman kimsə bilmirdi ki, bu mürəkkəb yalnız kağıza deyil, tarixə yazılacaq, yeni düşüncələr və yollar açacaq. Bəli, gözlərini açdı, təkcə mətbəə boyaları ilə deyil, qələmin çəkdiyi ilk xəttin titrək enerjisi ilə nəfəs aldı. Köhnə bir qəzetin sətirlərindən boylanan səs bu dəfə müasir dövrə danışmaq üçün qayıtmışdı…

Əgər qəzetlər danışa bilsəydi, məncə “Əkinçi” belə deyərdi:

“150 ildir sizi izləyirəm. Sətirlərinizdə dəyişən çağları, silinən simaları, qoparılan ümidləri və yenidən yazılan arzuları görmüşəm “Əkinçi”nin davamçıları… “

1875-ci ilin iyulun 22-i Bakı havasında mətbəə səsi yeni doğulmuş körpənin ilk ağlaması kimi eşidildi. Adı “Əkinçi” idi. Amma o, tarlada deyil, xalqın şüurunda toxum səpdi. Həsən bəy Zərdabi bilirdi ki, torpağı yox, ağlı oyatmaq zamanıdır. Qələm bir oraq, kağız bir torpaq, düşüncə isə məhsul idi. Həmin məhsul bu gün 150 yaşındadır.

O zaman bir qəzet təkcə xəbərləri paylaşmaq vasitəsi deyildi – o, bir maarif fənəri, bir oyanış səsi idi. Hər cümləsi xalqı düşünməyə, öyrənməyə, özünüdərkə səsləyirdi. Zaman keçdi, dünya dəyişdi, amma qəzetlər zamanla yarışmağa davam etdi.

Əvvəllər redaksiyalarda əlində qələm, qarşısında kağız yığını olan jurnalistlər vardı. İndi isə smartfonuna bir “reels” çəkib, “story”də paylaşıb xəbəri bir anda milyonlara yayan gənclər var. Hər şey sürətləndi. Mətbuat kağızdan ekrana, sətirdən kodlara, redaktordan algoritmlərə keçdi. Amma bir şey dəyişmədi: Həqiqət axtarışı. İndi belə bir sual yaranır: Bu qədər sürət içində, informasiya saniyələrlə yarışarkən, mətbuat nə qədər dəyərli qala bilir?

Hər halda, qəzetlər yalnız xəbərləri ötürən deyil, həm də dəyərləri yaşadan bir güzgüdür. O güzgüdə həm cəmiyyətin siması, həm də vicdanı əks olunur. Sürətin artırdığı informasiya axını qarşısında mətbuatın rolu daha da vacibdir. Çünki sürətli məlumat çox vaxt səthi olur, amma dərin analiz, obyektiv yanaşma və vicdanlı redaktə yalnız peşəkar jurnalistikanın məhsuludur.

Azərbaycan mətbuatı bu il 150 yaşını qeyd edir. Bu, sadəcə yubiley deyil, 150 illik söz mübarizəsinin, maarifçilik ənənəsinin, cəsarətli qələmlərin bayramıdır. “Əkinçi”dən “Molla Nəsrəddin”ə, “Kommunist”dən “Azərbaycan” qəzetinə qədər bütün nəşrlər bir zaman aynası olub. Bu güzgüdə nə gizlənməyib ki – elm, mədəniyyət, sevinc, mübarizə, tənqid, sükut…

Milli mətbuatımızın 150 ili bu mənada həm də davamlılıq və adaptasiya hekayəsidir. “Əkinçi”dən tutmuş müasir onlayn xəbər saytlarına qədər, Azərbaycan mətbuatı xalqın səsini, arzularını və problemlərini əks etdirməyə davam edir. Bu dövr ərzində media təkcə informasiya mənbəyi yox, həm də cəmiyyətin inkişafına təkan verən bir institut kimi formalaşıb.

Bu yubiley həm keçmişin zəngin irsini xatırlamaq, həm də gələcəyə baxmaq üçün fürsətdir. Mətbuatın dəyərini qorumaq üçün jurnalistikanın əsas prinsipləri – həqiqət, dürüstlük, obyektivlik – unudulmamalıdır. Eyni zamanda, müasir texnologiyaların imkanlarından istifadə edib, media məzmunu daha əlçatan, maraqlı və interaktiv hala gətirilməlidir.

Nəticədə, milli mətbuatın 150 illiyi yalnız bir tarix qeyd etməyi deyil, həm də mətbuatın ictimai əhəmiyyətini yenidən təsdiq etməyi ifadə edir. Bu uzun yol, mətbuatın həm zamanla, həm də dəyişən texnologiyalarla yarışda qalmasını sübut edir.

Unutmayaq ki, mətbuat bir xalqın yaddaşıdır, vicdanıdır və ən əsası, onun gələcəyinə işıq tutan güzgüsüdür. Bu güzgü nə qədər parlaqdırsa, cəmiyyət də o qədər güclü və sağlamdır.

Quliyeva Fatimə
Bakı Slavyan Universitetinin Sosial Elmlər və Regionşünaslıq fakültəsinin Jurnalistika ixtisası üzrə 3cü kurs tələbəsi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button